İtaliyanın "Ravenna" klubunun baş məşqçisi Andrea Mandorlini braziliyalı ulduz futbolçu Ronaldinyonun komandanın növbəti oyununa ilk dəqiqələrdən başlayacağını açıqlayıb.
BBC-yə istinadən xəbər verilir ki, Mandorlini braziliyalı hücumçunun start heyətində yer alacağına şübhə etmədiyini bildirib:
"O, ilk dəqiqələrdən oynayacaq, buna heç bir şübhə yoxdur. Daha sonra nə qədər oynayacağına birlikdə qərar verəcəyik. O, müasir dövrün ən görkəmli oyunçularından biridir və biz nəticə qazanmalıyıq. Biz həmişə üç hücumçu ilə oynayırıq, o da onlardan biri olacaq".
İtaliya C Seriyasında çıxış edən "Ravenna" növbəti matçını noyabrın 15-də doğma meydanda "Forli" klubuna qarşı keçirəcək.
Xatırladaq ki, 2002-ci ildə Braziliya millisi ilə dünya çempionu olan və 2005-ci ildə "Qızıl top" mükafatını qazanan Ronaldinyo karyerası ərzində "Qremio", PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro", "Keretaro" və "Fluminense" kimi klubların şərəfini qoruyub.
Peşəkar karyerasını 2018-ci ilin yanvarında başa vurduğunu elan edən ulduz futbolçu sonuncu rəsmi oyununu hələ 2015-ci ildə keçirib.
Mənbə: bizim.media