Məşhur futbolçu müsahibə zamanı huşunu itirdi - Video

Məşhur futbolçu müsahibə zamanı huşunu itirdi - Video

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes “Boka Xuniors”un Kolumbiyanın Barrankilya şəhərində keçirilən “Copa Sudamericana” finalında Braziliyanın “Atletiko Mineyro” klubunu 2:0 hesabı ilə məğlub edərək kubok qazanmasından az sonra televiziya müsahibəsi zamanı huşunu itirərək yıxılıb.

“Qafqazinfo” xəbər verir ki, 32 yaşlı oyunçu Barrankilyadakı isti və rütubətli havanın təsirinə məruz qalıb.

İkinci hissədə əvəzlənən Paredes müsahibə zamanı qəfil yıxılıb. Kadrlarda jurnalistin onun yerə dəyməsinin qarşısını almağa çalışdığı əks olunub. İlkin tibbi yardımdan sonra ayağa qalxan futbolçu soyunub-geyinmə otağına gedib və komandasının qələbə şənliklərinə qoşulub. O, “Instagram”da azarkeşlərə təşəkkür edərək sadəcə başının gicəlləndiyini yazıb.

“Boka Xuniors”un baş məşqçisi Rodolfo Arruabarrena futbolçunun birinci hissənin sonuna yaxın başgicəllənmə yaşadığını, fasilədə vəziyyəti bir qədər düzəlsə də, ikinci hissənin 10-cu dəqiqəsindən etibarən yenidən çətinlik çəkdiyini bildirib. Karyerasına “Boka Xuniors”da başlayan Paredes 2015-ci ildən etibarən Avropada “PSJ”, “Roma” və “Yuventus” klublarında çıxış edib.

Mənbə: qafqazinfo.az