Tarixi oyundan 20 il keçir – “Qarabağ”ın “Makkabi” zəfəri

Tarixi oyundan 20 il keçir – “Qarabağ”ın “Makkabi” zəfəri

Tarixi oyundan 20 il keçir

Bu gün "Qarabağ”ın İntertoto kubokunun təsnifat mərhələsi çərçivəsində "Makkabi” üzərində qələbəsindən 20 il keçir. Ağdam təmsilçisi bu qələbə sayəsində avrokuboklarda mərhələ adlayan ilk Azərbaycan klubu kimi tarixə düşməyi bacarıb.

İntertoto kubokunda 1999-2000-ci illər mövsümünün 1-ci mərhələsində "Qarabağ” İsrailin "Makkabi” klubu ilə qarşılaşırdı. İlk oyun səfərdə baş tutmuşdu. Müşfiq Hüseynovun dublu sayəsində Ağdamlılar səfərdən sərfəli nəticə ilə qayıtmışdılar. Bir həftə sonra Tofiq Bəhramov adına stadionda baş tutan cavab matçında "Qarabağ” minimal hesabla məğlub olsa da mərhələ keçməyi bacarmışdı.

Sport7.az saytı olaraq həmin tarixi matçda iştirak etmiş bəzi futbolçuların, həmçinin azarkeşlərin xartirələrini öyrəndik.

"Qarabağ”ın müdafiəçisi Elşad Əhmədov:

-Uzun illər "Qarabağ”da forma geyinmisiz. O illəri necə xatırlayırsız?

- Mən 1989-cu ildən 2003-cü ilə qədər "Qarabağ”da oyanmışam. Komandanın çətin vaxtları Ağdamın işğalından sonra başladı. Biz bir müddət Mingəçevirdə, Şirvan şəhərində (Əli Bayramlı) qaldıq. Daha sonra Bakıya gəldik. 1995-ci ildən 2003-cü ilə qədər Sumqayıtda məskunlaşdıq. Sonra "Azərsun” şirkəti komandanı himayəsinə götürdü və komandanın vəziyəti yavaş-yavaş düzəldi. Allaha çox şükür ki, komandanı çətin günlərdən bu günə gətirib çıxara bildik.

-İsrailin "Makkabi” komandası ilə oyun ərəfəsində komandada vəziyyət necə idi, o vaxt indiki kimi rəqibi təhlil etməyə şərait yox idi yəqin ki. Ümumiyyətlə, qalib gəlməyə, mərhələ keçməyə inam var idimi?

-Bundan əvvəl biz Finlandiya ("Müpa-47”) və Çexiya ("Yablonets”) komandaları ilə qarşılaşmışdıq. Ən azından Avropa təcrübəmiz var idi. Finlandiyada maraqlı oyun olmuşdu. Son dəqiqədə buraxdığımız qol ilə mərhələni keçə bilməmişdik. Makkabidən sonra Fransanın "Monpelye” komandası rəqib olacaqdı. O vaxt onlar məşqçilərdən birini Bakıdakı oyunu izləməyə göndərmişdilər. Bizdə isə belə imkan, şərait yox idi. Sözün düzü, "Makkabi”ni İsraildə udmağa o qədər də inanmırdıq. Amma oyunumuz yaxşı alındı, Müşfiq iki qol vurdu. Qalib gələ bildik.

-Adətən rəqiblər arasında səviyə fərqi olanda daha çox qapıçı və müdafiəçilərə iş düşür.

-Səfər oyununda o qədər də əziyət çəkmədik. Amma evdəki oyun çox çətin keçdi. Qapıçı Vurğun Quliyevə çox iş düşdü. Bu oyundan 2-3 il sonra o, avtomobil qəzasında dünyasını dəyişdi. Oyunda hesab tez açıldı. 8-ci dəqiqədə rəqib artıq qol vurmuşdu. Onların vuracağı bir qol hər şeyi dəyişə bilərdi. Xeyli əziyət çəkdik. Hesabı qorumalı idik. Tez-tez vaxt uzadırdıq. Qapıdan zərbələrin çoxunu mən başlayırdım. Hakim türkiyəli idi. Mən hər dəfə vaxt uzatdıqca "çabuk oyna” deyə qışqırırırdı. İsraildəki oyunda onların yeddi - səkkiz nəfər əsas heyət üzvü oynamamışdı. Amma Bakıya gələndə hamısını gətirmişdilər. Çoxu milli komandanın üzvləri idi. Sonradan onların futbolçusu Benayun "Liverpul” "Çelsi”, "Arsenal” kimi klublara qədər yüksələ bildi. O vaxt bizə qarşı oynayanda 18 yaşı vardı.

-Final fitindən sonra əlinizdə bayraqla meydanın mərkəzinə qədər gedib bayrağı stadiona sancmışdız...

-Mərhələni keçmək haqqında düşünürdük. O vaxt klubun prezidenti Yunis İldırımzadə idi. Maddi, mənəvi cəhətdən komandaya çox dəstək olurdu. Sağ olsun bizə yaxşı premya söz vermişdi. Dəqiq xatırlamıram 800, yoxsa 1000 dollar idi məbləğ. O vaxt üçün bu böyük pul idi. Düzdü, biz heç vaxt pul üçün oynamamışıq. Məqsədimiz hər zaman "Qarabağ” adını zirvəyə daşımaq olub. Amma "premiya”nın da təsiri var idi. Oyundan sonra azarkeşlərdən kimsə o bayrağı mənə verdi. Mən də bayraqla meydanın mərkəzinə qədər gedib uzandım, bayrağı başımın üstündə yerə sancdım. Bunu əvvəlcədən planlamamışdım. O an üçün olan bir şey idi.

Müşfiq Hüseynov: Oyun əfərəsində vəziyətimiz yaxşı deyildi. Yunis İldırımzadə klubu təzə götürmüşdü. İstədiyimiz kimi hazırlaşa bilmirdik. Heç vaxt çempionat başlayanda sponsorumuz olmurdu. Ordan-burdan özümüz yığışırdıq. O vaxt bizə kömək edən hər kəs sağ olsun. Rəhmətlik Adil Nadirov özünü ora-bura vuraraq sponsor tapırdı.

Oyundan əvvəl udub uduzmaq barədə düşünmürdük, oyunun gedişində gördük ki, oynumuz alınır, burdan yaxşı nəticə ilə ayrıla bilərik. Bir-birimizi həvəslənirdik, ruhlandırdıq, qalib gələ bildik.

Çox sevincli idik. Qolu kimin vurmasının əhəmiyəti yox idi. Komanda şəklində mərhələ keçmişdik. İlk dəfə idi ki, səfərdə qələbə qazanmışdıq. Düşündük ki, burda bacarmışıqsa evdə də öhdəsindən gələ bilərik. Amma düşündüyümüz kimi asan olmadı. Onlar daha ciddi hazırlaşmışdılar. Orda oynamayan oyunçularını da gətirmişdilər. Şükür ki, məğlub olsaq da, mərhələni keçə bildik.

Nə qədər azarkeş olduğunu bilmirəm, amma tamaşaçı çox idi. Səfərdə qələbə qazandığımıza görə oyunu izləmək istəyənlər çox idi. Hamılıqla çox sevinmişdik.

Yaşar Hüseynov: "O vaxt nə rəqibi təhlil eləmək olurdu, nə də biz bilirdik ki, "Makkabi” kimdi. Rəqibin ancaq adın eşitmişdik. Sovet hökuməti dağılandan UEFA kuboklarında oynamağa başladıq, amma "Makkabi”ni tanımırdıq. Çox çətin idi hazırlaşmaq. Vəziyətimiz yaxşı deyildi. İndiki kimi legionerlərimiz yox idi, yerli uşaqlar idi hamısı. Səfərdə yaxşı oynadıq. Müşfiqin vurduğu qollar heç yadımdan çıxmır. Birinci qolda 2-3 nəfəri cərimə meydançasında aldatdı elə vurdu. İkinci qolda rəqib qayda pozuntusuna yol verdi. Cərimə meydançasından çöldə bizim komandamızdan kimsə pas verdi, sol ayağı ilə uzaqdan birbaşa qapıya vurdu.

Cavab oyununda Bakıda hava çox isti idi. Düzdü İsraildə də isti idi. Biz öyrəşməmişdik belə istiyə. Burda çox ağır , çətin oyun oldu. 8-ci dəqiqədə künc zərbəsi vururdular. Təbriz Həsənov əllə oynadı. Rəqib penaltidən hesabı açdı. Ondan sonra daha da çətin oldu oyun. Mən həmin oyunda ikinci hissədə meydana daxil olmuşdum. 36 yaşım var idi. Çətin oldu, amma məğlub olsaq da, mərhələni keçə bildik. Heç kim bunu gözləmirdi. O dövrdə bizim yaxşı kollektivimiz olub. Elə kollektivin hesabına bunu bacardıq. Bu gün də həmin heyətin 80-90%-i ilə tez-tez görüşürük, çox yaxşı münasibətlərimiz var.

Səttar Əliyev: "Bizim üçün həmin illər doğrudan da çətin illər olub, "Qarabağ”ın ən çətin günləri oub. Nə barədə? –dolanışıq barədə, maddi çətinliklər barədə. O vaxt bir rahat avtobusumuz da yox idi ki, məşqə gedək. "20 yanvar”a yığışırdıq, bir dənə Sumqayıtdan avtobus var idi, oturub məşqə Sumqayıta gedirdik. Məşqdə də indiki kimi şərait yox idi. Hazırlaşırdıq. Bir tək Qarabağ adına görə, Azərbaycan xalqının adın uca tutmağa görə oynamağa çalışırdıq. O vaxtkı heyət üzvlərinin çoxu indi klublarda məşqçi işləyir. Yığışdıq, əl-ələ verdik. Bilirdik ki, "Makkabi” güclü komandadı. Bəlkə də "Makkabi” bizə yuxarıdan aşağı baxırdı deyə uduzdu. Amma ən azından biz toparlndıq, Qarabağ adına, işğal olunmuş torpaqlarımız adına, Azərbaycan xalqının adına görə çalışdıq ki, avrokuboklarda ilk mərhələ keçən komanda biz olaq. Buna da nail olduq. Səfərdə iki qol vurduq. İkinci qolun ötürməsini mən vermişdim.

Düzdü, Bakıda cavab oyunu çətin oldu, çox çətin oldu. Onların bəzi heyət üzvləri vardı ki, orda oynamamışdılar,burdakı oyuna görə gəlmişdilər. Yenə də qurban olum Allaha. Allah insana kömək olanda heç kim ona mane ola bilməz. Xalqımızın qarşısında, "Qarabağ”sevərlərin qarşısında Allah bizə güc verdi biz mərhələni keçdik.

"Qarabağ”la "Makkabi”ni eyni səviyədə götürmək olmazdı. Çünki "Makkabi” avroliqada 1/8-ə qədər yüksəlmişdi, səhv eləmirəmsə, PSJ-ni udmuşdu. Deməyim odur ki, köklü komanda idi. Bilirdik ki, çətin oyun olacaq. Müdafiəmiz o vaxt çox yaxşı idi. Müdafiədən yaxşı oynadıq. Stadiona toplaşan "Qarabağ”sevərlərin bizi dəstəkləməyi sayəsində yerə yıxılanda da var gücümüzü toplayıb qalxırdıq, Son gücümüz qalıbsa, bir addım da atmağa çalışırdıq.

Oyundan sonra bizim o vaxtkı icra başçımız Həsən Sarıyev bütün komandanı qonaqlıq verməyə apardı. Oyunda o qədər güc itirmişdik ki, yeməyə halımız qalmamışdı. Sokdan-sudan içdik, hamımız dağılışdıq getdik evə (gülür). Evdə gözləyənlər də var idi. Hamı təbrikləşmək istəyirdi. O vaxt indiki kimi hamının əlində bir telefon yox idi ki, zəng edib təbrik eləsin. Yenə də şükür bu günkü günümüzə , çox sevinirik ki,”Qarabağ” bu gün Avropada öz sözünü deyir.

Emil Şükürov (oyunu canlı izləmiş azarkeş): "Düzü, "Qarabağ'in ilk oyunda, səfərdə "Makkabi”ni udması xəbəri sevindirici olduğu qədər də gözlənilməz idi. Qolların hər ikisini Müşviq Hüseynovun vurduğu, birinin isə cərimə zərbəsindən olduğu bildirilirdi. Cavab oyununda ümid var idimi? 50/50yə deyərdim. Çünki, buna qədər klublarımız Avropada məğlub olurdular. Oyun günü isə Tofiq Bəhramov adına stadionda ajiotaj olmasa da, xeyli azarkeş var idi. Mənim kimi möcüzəyə inananlar bir ağızdan komandanı irəli səsləyirdi. Azarkeşin komandadan hər zaman istədiyi hücum etməkdir. Komanda isə məntiqli olaraq, sərfəli nəticəyə oynayır. Qapımızda qol görəndən sonra "ardı nə vaxt gələcək?" deyə düşünməyə başlamışdım. Amma, əksinə, Qarabağ soyuqqanlılıqla sərfəli hesabı qorumağa çalışır və növbəti mərhələyə addım-addım yaxınlaşırdı. Son 10-15 dəqiqəni isə ayaq üstə keçirdik. "Qələbəyə bərabər məğlubiyyət"in havasını hiss edirdik artıq. Final fitindən sonra belə mərhələ keçdiyimizə inanan bilmirdim. Bizim üçün o qədər qeyri-adi bir hiss idi ki... Stadiondan çıxan azarkeşlərin üzündəki sevinc, metro girişlərinə qədər məsafəni Qarabağ, Azərbaycan sloqanları ilə keçməyimiz... Sanki bunlar hamısı bir puzzle'ın tamamlanmış hissələri idi.

Tofiq Bəhramov adına stadionda adətən 12, 13, 16, 17ci sektorlara biletlər daha çox alınırdı. Mən həmişə 13də oturmuşam, bu oyunda da elə idi.

İlkin Xəlilov (ATV telekanalının əməkdaşı): "Qarabağ"ın "Makkabi"ni UEFA İntertoto Kubokunda (artıq 10 ildən çoxdur bu yarış keçirilmir) mübarizədən kənarlaşdırması bizim klub futbolu tarixində bir ilk olduğundan indiyədək yaddaşımdadır. Düz 20 il əvvəl, elə indiki kimi qızmar iyun günləri idi. O vaxt hamı - azarkeşlər də, jurnalistlər də, futbol ictimaiyyəti də belə uğurlara "ac" idi. Avropada qarşımıza çıxan azı 4-5 qol vurub gedirdi. İlk oyun səfərdə - İsrailin Hayfa şəhərində keçirildi. Biz - mediaya yenicə gəlmiş gənclər də daxil olmaqla jurnalistlər, azarkeşlər səfər matçında "Qarabağ"dan uğurlu nəticə gözləmirdi. O vaxt ölkədə internet yox səviyyəsində idi, hesabı oyunun ertəsi gün öyrəndim və hamı kimi şoka düşdüm. "Qarabağ" səfərdə 2-1 hesabı ilə qələbə qazanmış, hər iki qolu da Müşfiq Hüseynov vurmuşdu. Gözümüzə inanmırdıq, tez-tez redaksiyada olan Rusiyanın "Sport-Ekspress" qəzetini açıb təkrar-təkrar baxırdıq ki, hesabı səhv görməmişik ki...

Səfər qələbəsi hamıda növbəti mərhələyə inam yaratdı. Cavab matçına hazırlıqla bağlı yazı hazırlamaq üçün "Futbol+" qəzetindən cəlb olunan əməkdaşlardan biri də mən idim. Komandanın maliyyə vəziyyəti o vaxt çox pis idi. "Qarabağ" oyunlarını Sumqayıtda indi fəaliyyət göstərməyən "İnşaatçı" stadionunda keçirib, elə orada da hazırlaşırdı. Komandanın köhnə, deyərdim ki, lap istismar müddəti də keçmiş sovet istehsalı olan bir avtobusu vardı, sürücü Şamo kişinin adıyla ona "Şamonun dəmir atı" deyirdik. "Makabbi" üzərində səfər qələbəsi klubun prezidenti Yunis İldırımzadəni də ("Əmrahbank"ın sahiblərindən biri idi, bəlkə elə indi də elədir) hərəkətə gətirdi. Komanda üçün o vaxtadək Azərbaycan futbolunda görmədiyimiz xarici, müasir, hündür bir avtobus kirayələdi ki, ayıbdır, "Makkabi" ilə matça sınıq-salxaq avtobusla getməsinlər. Oyuna kifayət qədər azarkeş gəlmişdi, səhv eləmirəmsə 30 minə yaxın idi, amma həmişəki kimi əksəriyyət içəri biletsiz keçdiyindən UEFA yalnız satılan bilet sayını əsas götürüb protokolda bundan xeyli az (deyəsən, 12-13 min) azarkeş olduğunu qeyd etmişdi. Nəsə, oyun bizim üçün pis başladı. Artıq 8-ci dəqiqədə deyəsən Jano ya Benado "Makkabi"ni hesabda önə keçirdi. Və bizim üçün "Allah, Allah" dəqiqələri başladı da. Qarşıda 80 dəqiqədən artıq vaxt var, israillilərin bir qolu kifayət edirdi ki, "Qarabağ" mübarizəni dayandırsın.

Qonaqların hcumları ara vermir, qapı tiri, dirək, qapıçı qurtarışları bir-birini əvəzləyir. Sanki Brest qalasının müdafiəsdir, "Qarabağ" futbolçuları meydanda canını qoyurdu. Yadımda qalanlardan qapıçı deysən rəhmətlik Vurğun idi, dəqiq xatırlamıram, digərlərindən Elşad Əhmədov, Vəli Hüseynov, Yaşar Hüseynov, Vasif Haqverdiyev, Səttar Əliyev, Zauir Qarayev, Müşfiq Hüseynov, Yalçın Bağırov, Təbriz Həsənov, hamısı fədakarcasına oynadı. Və, nəhayət, final fiti. Stadiondakı ab-havanı sözlə təsəvvür edə bilmərəm. Ağlayan kim, bir-birinə sarmaşan kimi.. Respublika stadionu dağılırdı az qala. Bir də gördük "Qarabağ"ın kapitanı Elşad Əhmədov əlində bayraqla meydanın ortasına qaçır, Mərkəzə çatıb düz dairənin ortasına bayrağı sancdı, o səhnə hamımızı yenidən kövrəltdi. Millət bu cür qələbələrə ac idi axı... Bir neçə gün o oyunun, qələbənin təsiri altında oldu hamı. Növbəti rəqib isə o vaxtadək bizim klublara rəqib olmuş komandalar arasında ən məşhuru - Fransa təmsilçisi "Monpelye" idi. Bu, artıq tam başqa səviyyə idi və hər 2 oyun bu səviyyə fərqini aşkar göstərdi. Bakıda 0:3, Fransada 0:6 məğlubiyyət.

Intertoto kuboku 1999/2000 mövsümü

1-ci mərhələ, ilk oyun

"Makkabi” (Hayfa ,İsrail) – "Qarabağ” (Ağdam, Azərbaycan)

Heyətlər: Eyal Vakrat, Amos Sassi, Şoki Nadar, Yaeş Jano, Benni Hadad(63-cü dəqiqədə Erez Masika ilə əvəzləndi), Quy Melamed(70-ci dəqiqədə Şiomi Ben Hemo ilə əvəzləndi), Assi Kalman,Vadiv Sİman-Tov, Hayman Halaya(46-cı dəqiqədə Yaniv Katan ilə əvəzləndi), Zazaşvili, Oren Danzinger

Vurğun Quliyev, Səttar Əliyev, Elşad Əhmədov, Vasif Haqverdiyev, Zaur Qarayev, Vüqar Quliyev,Vəli Hüseynov, Elmir Xankişiyev(76-cı dəqiqədə Alim Qurbanov ilə əvəzləndi), Təbriz Həsənov, Müşfiq Hüseynov, Yalçın Bağırov(82-ci dəqiqədə Yaşar Hüseynov ilə əvəzləndi)

Qollar: Müşfiq Hüseynov 27 (0:1), Erez Masika 78(1:1) Müşfiq Hüseynov 90 (1:2)

Vərəqələr: Vəli Hüseynov, Benni Hadad, Quy Melamed, Assi Kalman – sarı

Hakim: Anton Quenov (Bolqarıstan)

Hayfa, 19 iyun 12000 tamaşaçı

1-ci mərhələ cavab görüşü

"QARABAĞ” Ağdam – "Makkabi” Hayfa

Heyətlər: Vurğun Quliyev, Səttar Əliyev, Elşad Əhmədov, Vasif Haqveridyev, Zaur Qarayev, Vəli Hüseynov, Təbriz Həsənov, Müşfiq Hüseynov(84-cü dəqiqədə Yaşar Hüseynov ilə əvəzlənib), Yalçın Bağırov, Elmir Xankişiyev(81-ci dəqiqədə Alim Qurbanov ilə əvəzlənib), Vüqar Quliyev (32-ci dəqiqədə Mais Əzimov ilə əvəzlənib)

Eyal Vakrat, Alon Harazi, Arik Benado, Amos Sassi (46-cı dəqiqədə Assi Kelman ilə əvəzlənib), Adoram Keysi,Şoki Naqar, Yaniv Katan, Yossi Benayun, Yeaş Jano, Eraz Masika(76-cı dəqiqədə Ben Hemo ilə əvəzlənib), Benni Hadad(46-cı dəqiqədə Vadiv Siman-Tov ilə əvəzlənib)

Qol: Arik Benado 8

Vərəqələr: Arik Benado, Alim Qurbanov,Alon Harazi, Yalçın Bağırov, Vəli Hüseynov, Vurğun Quliyev – sarı

Hakim: İlhami Kaplan (Türkiyə)

Baki. Tofiq Bəhramov adına Respublika stadionu 12000 tamaşaçı

Sevinc Məmmədova

Sport7.az

Mənbə: sport7.az