"Qəbələ"nin baş məşqçisi: "Ola bilər ki, biz də penalti vuraq"

"Avrokubok iddiamız itsə də, komandamız qarşısına qoyduğum tapşırığı maksimum yerinə yetirməyə çalışdı. Fikirləşirdik ki, hücumda oynayaq. Lakin çoxsaylı epizodları dəyərləndirməkdə çətinlik çəkdik. Bunu şansla əlaqələndirərdim. Nəticə baxımından hər iki komanda qələbəyə layiq idi. Rəqib də çox yaxşı, dinamik çıxış etdi".

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis ümumilikdə sərgilədikləri oyundan məmnunluq ifadə edib: "Bu kollektivi mən formalaşdırmışam, belə oyun üslubunu biz aşılamışıq. Bunu meydanda görəndə, əlbəttə, özümə də xoş gəlir. İradım yoxdur. Əsas məsələ komandanın göstərdiyi oyundur. Son 2 görüşümüzə konsentrasiya olaraq, çempionatı layiqli şəkildə başa vurmağı planlaşdırırıq".

Baxşıyev hücumların və qapılara zərbənin azlığı barədə sualı isə belə cavablandırıb: "Bunlar detallardır, üzərində çox dayanmayaq. Futbolçu qapıya zərbə yox, xırda ötürməyə qərar verə bilər. Qapıya zərbələrin azlığı ilə razı deyiləm. Hesablasaq, 7-8 epizod oldu ki, dəyərləndirə bilərdik. Lakin "Zirə"nin qapıçısı Mateus Albino yaxşı oynadı. Son nöqtəni qoymaqda çətinlik çəkirdik. Bunu təkcə Ceyms Adeniyi ilə əlaqələndirməyək. Bütün hücumameylli oyunçular qol vurmağı bacarmalıdırlar. Biz bunun əziyyətini bütün çempionat ərzində çəkirik. Hər oyunda 7-8 epizod yaradırıq, amma dəyərləndirmək çətin olur. Mən bu komandadan kombinasiyanı görmək istəyirəm. Onlar da verdiyim tapşırığı yerinə yetirdilər".

Baş məşqçi hakimlik barədə danışmaq istəmədiyini, lakin nəhayət, "Qəbələ"nin də lehinə penalti veriləcəyinə ümidvar olduğunu dilə gətirib: "Özümə söz vermişəm ki, nə olsa, danışmayacağam. Sadəcə, bu gün oyunun sonuna 3 dəqiqə əlavə etdilər. Hakimdən soruşdum ki, bir az da artığını əlavə etmək olardımı? Bu mövsüm hələ penalti vura bilmədiyimizi soruşursunuz. Bu sualı mənə niyə verirsiniz? Özünüz də görürsünüz ki, epizodlar var, lakin referilər başqa komandalar üçün onları dəyərləndirir, bizimkiləri isə vermirlər. Amma hələ ümidimizi itirmirik. Ola bilər, niyə də yox"?!

Report.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə və İsrailin XİN rəhbərləri Bakıda görüşə bilər

SONRAKI XƏBƏR

Milli Aviasiya Akademiyasının professoru vəfat edib