“İstedadlı futbolçular Bakıda yox, kənd və qəsəbələrdədir”

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi bir müddət öncə belə bir fikir səsləndirdi: “Azərbaycanda 10 milyon əhali olmasına baxmayaraq, Premyer Liqada cəmi 8 komanda çıxış edir ki, onların da heyətində ən azı 6 legioner var".

Bu fikirlərə tənqidi yanaşılsa da doğruluq payı da var. Məsələn Lüksemburqun 600 min əhalisi olmasına baxmayaraq 14 komandası var. Hollandiyanın əhalisi isə Azərbaycandan sadəcə 6 milyon çoxdur və 18 komandası var. Azərbaycanda isə komandalar dağılır, yeni komandalar yaradılmır. Hətta yaxın günlərdə “Keşlə” komandasının Şamaxıya köçürülməsi, adının dəyişməsi ciddi etirazlara səbəb oldu.

Azərbaycan Premyer Liqasında komandaların sayı artırılmalıdırmı? Komandaların sayının artırılması Azərbaycan futbolunda hansı dəyişikliklərə səbəb ola bilər?

Tanınmış idman jurnalisti Natiq Muxtarlı mövzu ilə bağlı Yenisabah.az-a danışıb. O, bildirib ki, əslində De Byazi təzə heç nə deməyib və illərdir təkrarlanan həqiqəti bir daha vurğulayıb:

“Amma De Byazi hara gəldiyini bilirdi axı. O, Azərbaycana gələndə də çempionatımızda 8 komanda çıxış edirdi, meydana da 6 legioner çıxırdı. Amma o zaman bu problemi görmürdü. İndi isə nəticə yoxdur, ancaq əvəzində ucuz bəhanəsi var. Bəli, futbolun inkişafı onun bölgələrə yayılmasından keçir. İstedadlı futbolçular Bakıda yox, kənd və qəsəbələrdədir. Amma kimdir onları üzə çıxaran.

Vaxtilə Azərbaycan çempionatında da 16 komanda çıxış edirdi. Məsələn, Masallının “Viləş” komandası tamamilə yerli futbolçulardan formalaşmışdı. Rayonlarda futbol komandasının olması uşaq futbolunun inkişafı üçün vacib stimuldur. Futbol bölgələrə yayılmalı, kənd və qəsəbələrdə uşaq futbolunun inkişafı üçün infrastruktur yaradılmalıdır. Biz bunu illərdir deyirik.

“Keşlə”nin adını dəyişib “Şamaxı” qoyurlar. Çox uğursuz addımdır. Şamaxıda heç vaxt futbol ənənəsi olmayıb. Komandalar ilk növbədə futbol ənənəsi olan rayonlarda yaradılmalıdır.

Vaxtilə iş adamları futbola axın edirdilər. Amma indiki çempionatda sağlam mübarizənin olmaması onları futbol təsərrüfatından uzaq saldı. Beləcə, bölgələrdə futbol öldü. Komanda sayı artmasa, futbolun inkişafına nail ola bilməyəcəyik. Bu proses sürətlə getməlidir, özü də komandalar futbol ənənəsi olan rayonlarda yaradılmalıdır. Orada infrastruktur qurulmalıdır.

Amma bundan da ən vacibi kadr islahatıdır və AFFA-da futbolun inkişafı ilə bağlı layihələr qəbul edilməlidir”.

Mehri Qurban

Yenisabah.az

ƏVVƏLKİ XƏBƏR

"O satılmır" - Xavi

SONRAKI XƏBƏR

İrəvan Bayramovun Mirzoyanla görüşünü ləğv etdiyini açıqlayıb