Rafael Ağayev: "Avropa çempionatı asan olmayacaq, amma təcrübəmə inanıram"

Rafael Ağayev: "Avropa çempionatı asan olmayacaq, amma təcrübəmə inanıram"<span class="qirmizi"></span>

"25 - 29 mayda Türkiyənin Qaziantep şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəyəm. Mənim üçün asan olmayacaq, amma təcrübəmə inanıram".

Bunu "Report"a açıqlamasında Azərbaycanın tanınmış karateçisi Rafael Ağayev deyib.

5 qat dünya və 11 qat Avropa çempionu yarışda vətəni və xalqı üçün əlindən gələni edəcəyini bildirib: "Maddiyyata görə nəsə etmirəm. Sözsüz ki, pul çox şeyi həll edir, amma hər şeyi həll etmir. İlk növbədə bayrağımı qaldırmaq və himnimizi səsləndirmək üşün qardaş ölkəyə gedəcəyəm".

Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı uzun müddət yarışlardan kənar qalmasına da toxunub: "Ötən ilin sonlarında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində karate üzrə dünya çempionatında iştirak etmişəm. Burada italyan karateçi Luici Busa ilə üz-üzə gəlmək istəyirdim. Elə oldu ki, o da dünya çempionatına qatıla bilmədi. Mən də mundialda çıxışımı erkən başa vurdum. 3-cü görüşümdə ABŞ təmsilçisi Skott Tomasla heç-heçə etdim. Hakimlərin qərarına əsasən rəqib qalib elan olundu. Referilərin görüşü mənə verəcəyini düşünürdüm. Elə oldu ki, hakimlərin 5-i də qələbəni ABŞ təmsilçisinə verdi. Bundan sonra hansısa karate yarışında iştirak etməmişəm. 5-6 aydır ki, karate məşqçi etmirəm. Son 2-3 həftədir ki, məşqlərə başlamışam".

Ağayev peşəkar karyerasını yavaş-yavaş sonlandırmaq istədiyini vurğulayıb: "Hər il 3-4 yarışda çıxış etməliyəm. Çünki "Adidas" şirkəti ilə müqaviləm var. Buna görə məcburən çıxış edirəm. Artıq "Karate Combat"da özümü sınayıram. Burada il ərzində 3-4 döyüşüm olur. Bu, tam başqa adrenalindir. İki döyüşümdə hər şey qaydasında olub. Üçüncü rəqibim də bəllidir, amma adını açıqlaya bilmərəm. Yaxın günlərdə biləcəksiniz. İdman sürprizlərlə doludur. İndi desəm ki, gələn ilin yanvarında karyeramı bitirəcəyəm, yalan olar. Elə zədələr var ki, vaxtından əvvəl idmanla vidalaşa bilərsən. Amma Dünya Karate Federasiyasının (WKF) yarışlarında iştiraka yavaş-yavaş son qoyacağam. Çünki planlarım var və düşünürəm ki, federasiya məni başa düşəcək. Azərbaycan Milli Karate Federasiyasında vitse-prezident və ya baş məşqçi ola bilərəm. Yəqin ki, boş qalmaram. Amma "Karate Combat"da ən azı iki il çıxış edəcəyəm".

Təcrübəli idmançı "karate olimpiadanın proqramına qayıda bilərmi" sualını da cavablandırıb: "Karate olimpiya idman növü hesab edilsəydi, yaxşı olardı. 2028-ci ildə yenidən proqrama salına bilər. Belə olacağı təqdirdə karate yenidən ayağa qalxacaq. Sözsüz ki, həmin vaxt Rafael Ağayev olmayacaq. Tatamidən kənarda karateçilərimizə dəstək göstərəcəyəm. Bu idman növü olimpiadanın proqramına salınsa, qələbələrimiz də olacaq".

Mənbə: report.az