Nazim Babayev: "Əzələmdə qopma hiss etdim və mübarizəni dayandırdım"

Azərbaycan atleti Nazim Babayev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında mübarizəni erkən dayandırıb.

Bu barədə "Report"un Konyaya ezam olunmuş müxbirinə 24 yaşlı idmançının özü məlumat verib.

Uzunluğa tullanma yarışında qüvvəsini sınayan atlet zədə səbəbindən yarışı vaxtından əvvəl başa vurduğunu bildirib: "3 təkanla tullanma zamanı ağrılar oldu. Uzunluğa tullanarkən isə isinmə qaçışlarında təkan verdiyim anda əzələmdə qopma hiss etdim. 3-cü cəhddə mübarizəni dayandırdım. Çünki həm ayağım ağrıyırdı, həm də təkan verə bilmirdim. Nəticəm zəif - 17,15 metr oldu. Yarım metr arxadan təkan verdim. Bu da psixoloji durumla bağlı idi. Neçənci yeri tutduğumu bilmirəm. Deyəsən, 10-cu oldum".

Babayevin sözlərinə görə, topuq zədəsinin müalicəsi üçün 3-4 ay vaxt tələb olunur: "İynə-dərman vasitəsilə bunun öhdəsindən gəlmişdik. Məşqləri az edirdik ki, zədə tam sağalsın. Bura cüzi ağrılarla gəlmişdim. Çıxışımı çox pis dəyərləndirirəm. Hazır olduğum halda istədiyim nəticələri əldə edə bilmədim. İyunda aldığım zədəni müalicə edib buraya gəlsəm də, həmin zədə yenidən özünü büruzə verdi və yarış vaxtı ayağımda bağlar cırıldı. Çıxışımdan nə özüm, nə də məşqçilərim razı qaldı. Sözsüz ki, səbəblər var. Amma daha yaxşı çıxış edə bilərdim".

Report.az

ƏVVƏLKİ XƏBƏR

Avtomobil qəzasına düşən amerikalı aktrisa vəfat etdi

SONRAKI XƏBƏR

İranda zəlzələ OLUB