“Sabah”la “Qarabağ” arasında “transfer savaşı” - 1 milyonluq təklif

“Sabah”la “Qarabağ” arasında “transfer savaşı” -  1 milyonluq təklif<span class="qirmizi"></span>

Bu mövsüm uğursuz çıxış edən “Neftçi”də vəziyyət heç də yaxşı deyil. “Sabah”a məğlubiyyətlə çempionluq yarışından tamamilə qopan “ağ-qaralar”ın düşərgəsində vəziyyət gərgin olaraq qalır. Komandanın uğursuzluğu futbol ictimaiyyəti və azarkeşlər tərəfindən kəskin tənqid olunduğu vaxtda “Neftçi” rəhbərliyi daha bir ağır xəbər alıb.

Publika.az-ın əldə etdiyi məlumata görə, komandanın kapitanı Emin Mahmudov mövsümün sonunda bitəcək müqaviləsini yeniləmək istəmir. O, “ağ-qaralar”ın düşərgəsində yaranmış vəziyyətdən bezib. Uğursuzluqlarda, problemlərdə həmişə kapitan kimi sinəsini önə verən Emin artıq yorulub. Bu səbəbdən ona təklif edilən 2 illik sözləşməni yeniləməyə tələsmir. Bu barədə onunla klub nümayəndəsi arasında söhbət də olub. Emin mövsümün sonuna qədər gözləməyi məsləhət bilib. Vəziyyət dəyişməsə, yəni komanda ən azı ölkə kubokunu qazanmasa, Mahmudov gedəcək.

Mövsümün sonunda azad agent olacaq millimizin üzvünə 2 klubdan təklif var. 30 yaşlı yarımmüdafiəçi “Qarabağ” və “Sabah”ın diqqət mərkəzindədir.

“Atlılar” uzun müddətdir ki, futbolçunu izləyir. O, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun ixtiyarında görmək istədiyi futbolçulardan biridir. Bu səbəbdən “Qarabağ” imkan düşdükcə futbolçu ilə təmas qurmağa çalışır. Artıq Eminə şifahi şəkildə təklif edilib. Futbolçu Ağdam təmsilçisində çıxış etməyə isti yanaşır.

 

Ağdamlıların çempionluq yarışında olduğu kimi bu transferdəki tək rəqibi “Sabah”dır. “Bayquşlar” Emin Mahmudova görə Azərbaycan futbol tarixinin ən yaxşı müqavilələrindən birini təklif edir. Paytaxt təmsilçisi millinin kapitanına 1 milyon manat maaş və əlavə bonuslar ödəməyə hazırdır. Klub rəhbərliyi futbolçuya etimadını göstərmək üçün həttta ona kapitanlıq da təklif edir.

Göründüyü kimi, Emin Mahmudov “Neftçi”dən ayrılmaq qərarına gəlsə, “Qarabağ”la “Sabah” arasında əsl "transfer savaşı" baş tutacaq.

Qeyd edək ki, Emin Mahmudov 2017-ci ildən “Neftçi”də çıxış edir.

Mənbə: publika.az