İsveçrəli futbolçu millidə keçirdiyi oyun sayında Rəşad Sadıqovu geridə qoyub

İsveçrəli futbolçu millidə keçirdiyi oyun sayında Rəşad Sadıqovu geridə qoyub<span class="qirmizi"></span>

Avropa millilərində ən çox oyun keçirən futbolçuların siyahısı yenilənib.

“Report”un məlumatına görə, martda baş tutan matçların ardından daha bir oyunçu Azərbaycan yığmasının sabiq kapitanı Rəşad Sadıqovu geridə qoyub.

İsveçrə seçməsinin yarımmüdafiəçisi Qranit Caka AVRO-2024-ün seçmə mərhələsində Belarus (5:0) və İsraillə (3:0) görüşlərdə iştirak edərək, ümumi oyun sayını 113-ə çatdırıb. Kapitan bu qarşılaşmalarda aktivinə 13 qol yazdırıb.

Hazırda “Zirə”yə baş məşqçilik edən Rəşad Sadıqov isə 2001-2017-ci illər aralığında Azərbaycan millisində 111 oyun keçirib, 5 qol vurub. Onun kimi, karyerasını çoxdan başa vuran İqor Akinfeyev (Rusiya), Qaret Beyl (Uels) və Andrey Şevçenko (Ukrayna) da yığmalarında 111 oyunda “dayanıblar”.

Milli komandaların iyunda baş tutacaq növbəti oyunları zamanı daha bir futbolçunun Rəşad Sadıqovu üstələməsi gözlənilir. Bu, finlandiyalı Teemu Pukkidir. AVRO-2024-ün seçmə mərhələsinin Danimarka (1:3) və Şimali İrlandiya (1:0) ilə ilk iki görüşündə iştirak edən hücumçu yığmadakı oyun sayını 110-a çatdırıb. 33 yaşlı forvard daha bir matçda meydana çıxacağı təqdirdə, Sadıqova çatacaq. Pukki aktivində 37 qol yazdırıb.

Azərbaycan millisinin sabiq müdafiəçisini yaxın gələcəkdə geridə qoymağa daha bir neçə namizəd futbolçu var. Karyerasını davam etdirən Rui Patrisiu Portuqaliyada, Mark Puyol Andorrada 107 (4 qol), Romelu Lukaku Belçikada (72 qol), “Qəbələ”nin sabiq üzvü Sergey Zenyov Estoniyada (17 qol), Rikardo Rodriges isə İsveçrədə 106 (9 qol) matç keçiriblər.

Qeyd edək ki, milli komandalarda ən çox oyun keçirən futbolçu Kriştianu Ronaldudur. Hələ də karyerasını davam etdirən 38 yaşlı hücumçu Portuqaliya yığmasının heyətində 198 oyunda meydana çıxıb, 122 qol vurub.

Mənbə: report.az