Azərbaycan millisinin üzvü: "Futzal mənim üçün hər şeydir"

Azərbaycan millisinin üzvü: "Futzal mənim üçün hər şeydir"<span class="qirmizi"></span>

"Gizlətmirəm. Futzal mənim üçün hər şeydir. Mağazaya gedib qızım və həyat yoldaşım üçün nəsə ala bilirəmsə, hamısı bunun sayəsindədir".

"Report" xəbər verir ki, bunu Rusiyanın "Tümen" klubunda çıxış edən Azərbaycan millisinin futzalçısı Rafael Vilela "72.ru" saytına müsahibəsində deyib.

30 yaşlı hücumçu vaxtının əksəriyyətini idmana sərf etdiyini bildirib. 2022-ci ilin əvvəlində Rusiya təmsilçisinə keçən braziliyalı oyunçu Tümen şəhərini çox bəyəndiyini söyləyib: "Bura gözəl və təmizdir. Əslində çox yerə getmirəm. Hazırda soyuqdur və bizdə ciddi idman rejimi var. Hətta həftəsonları da zalda məşq edirəm. Axşamlar isə ailəmlə, dostlarımla ünsiyyət qururam".

Vilela rusların braziliyalılar qədər açıq olmadığını sözlərinə əlavə edib: "Sizdə belə mentalitet olduğunu başa düşürəm. Biz dərhal ünsiyyət qurmağa başlayırıq. Ancaq Rusiyada belə şey yoxdur. Tümendə daha çox braziliyalının olmasını istərdim. Bir-iki həmyerlimiz olsaydı, bu qədər darıxdırıcı olmazdı və uyğunlaşma daha yaxşı keçərdi".

Mənbə: report.az