“Bu problem həmişə olub. Elə idmançı olub ki, onun xəstəliyi zaman keçdikcə sağalıb və onun paralimpiyada iştirak etməsi məhdudlaşdırılıb. Göz belədir ki, kimdəsə inkişaf edir və sağalır”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında açıqlamasında cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev deyib. Cüdoçu qeyd edib ki, fiziki məhdudiyyətli idmançıların paralimpiya yarışlarında iştirakı üçün il öncə həkim müayinəsi keçirilir:
“Bu problem həmişə olub. Elə idmançı olub ki, onun xəstəliyi zaman keçdikcə sağalıb və onun paralimpiyada iştirak etməsi məhdudlaşdırılıb. Göz belədir ki, kimdəsə inkişaf edir və sağalır. İngiltərədən olan paralimpiya çempionu var idi, göz təsnifatından kəsildi. Bu ilk dəfə deyil. İdmançı müraciət edən zaman ilk öncə həkimlərə yönləndiririk. Bizim kriteriyalara uyğun olarsa, onda həmin idmançı məşqçilərlə məşqlərə başlayır”.
İlham Zəkiyev diqqətə çatdırıb ki, paralimpiya oyunlarının qaydalarında bəzi dəyişikliklər edilib:
“Tokioda keçirilən paralimpiya oyunlarından sonra qaydalalarda bəzi dəyişikliklər oldu. Əvvəl B1, B2 və B3 olaraq, 3 kateqoriya var idi. B1 ümumiyyətlə görməyənlər, B2 zəif görənlər, B3 isə nisbətən orta görənlər idi. Onlar hamısı bir yerdə yarışırdı. Mən özüm də şəxsən Beynəlxalq Cüdo Federasiyasının rəhbərliyi ilə danışıqlar apardım ki, bu ən azından ədalətsizlikdir. Başqa idman növlərində bu kateqoriyalar üzrə idmançılar ayrı yarışırdı. Sağ olsunlar, bunu müsbət qarşıladılar və Tokio paralimpiya oyunlarından sonra 2 kateqoriya oldu: J1 və J2. J1 heç görməyənlər, J2 isə zəif görənlər. Orada bəzi xəstəliklər var idi ki, onlar da çıxarıldı. Bir neçə paralimpiya çempionu var idi ki, onlar B3 kateqoriyasında idi və onlar kariyeralarını bitirməli oldular”.
Qeyd edək ki, 13-15 may tarixlərində Qazaxıstanın paytaxtı Astanada baş tutacaq görmə məhdudiyyətli cüdoçuların (paracüdo) dünya çempionatında 2 idmançımız tibbi təsnifatdan keçə bilməyib.
Belə ki, 2021-ci ildə Tokioda keçirilmiş Paralimpiya Oyunlarının qalibi olan Şəhanə Hacıyeva qismən görmə məhudiyyətli (J2 kateqoriyası, 52 kq) cüdoçuların tibbi təsnifatında uğursuzluqla üzləşib. Onun gözündə görmə ilə bağlı hər hansısa məhdudiyyət olmadığı üzə çıxıb. Sumqayıt cüdo məktəbinin 24 yaşlı idmançısının ömürlük paracüdo yarışlarına buraxılmayacağına dair qərar verilib.
Nazim Hacıyev
Mənbə: yenisabah.az