Texnologiyanın yaşlı “qurban”ları– Rəqəmsal dünya onları necə unudur?

Texnologiyanın yaşlı “qurban”ları– Rəqəmsal dünya onları necə unudur?

Bu gün həyatın böyük hissəsi ağıllı adlandırdığımız telefon ekranının arxasında keçir. Ekrana bir neçə toxunuşla evdən çıxmadan, banka getmədən pul köçürmək, həkim qəbuluna yazılmaq, hansısa konsertə, ölkəyə bilet almaq və dünyanın istənilən yerindəm alış-veriş etmək mümkündür. Texnologiyanın sürətlə inkiaşf etdiyi dövrdə bu imkandan yaşlılar istənilən səviyyədə yararlana bilmirlər.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ildə internetdən istifadə edənlərin payı 65 yaş və yuxarı qrupda 76,3 faiz olub.

Müqayisə üçün, 36–64 yaş qrupunda bu göstərici 97 faiz təşkil edib. Yəni internetə çıxışın genişlənməsinə baxmayaraq, yaşlı nəsil rəqəmsal imkanlardan istifadə baxımından hələ də digər yaş qruplarından geridə qalır. Həmin il internetdən istifadə edən əhalinin (74 yaşdan yuxarı şəxslər) ölkə üzrə bütün əhalinin sayında xüsusi çəkisi 39,4 faizdir.

Məsələ təkcə telefon və internetdən istifadədə deyil, fiziki olaraq bəzi əməliyyatlar da rəqəmsallaşdığı üçün yaşı 60-dan yuxarı olan şəxslər rəqəmsal dünya ilə ayaqlaşa bilmirlər.

Onlara bu inkişaf rahatlıqdan çox çətinlik yaradır.

Təqaüdünü nağdlaşdırmaq istəyən şəxslər bankomatlarda özlərindən daha gənc insanlardan kömək istəyir, kartı hara daxil edəcəklərini, parolu hara yazacaqlarını soruşub, öyrənirlər. Bunlar orada addım-addım qeyd edilsə də, onlar bunu yerinə yetirə bilmirlər. Kömək istədikləri şəxslərin hamısı da etibarlı şəxs sayılmadığı üçün onlar bəzən təqaüdü nağdlaşdırmaq üçün bankomatlara öz yaxınları ilə gedirlər. Həmçinin, rəqəmsal dünyanın qurbanına çevrilən yaşlılar da az deyil.

Bundan başqa, restoran və kafelərdə adətən menülar QR kodla təqdim olunur.

Bunun üçün müştərinin telefonu ağıllı və internetə girişi olmalıdır ki, bu xidmətdən yararlana bilsin. Ömrünün çox hissəsini başa vurmuş insanlar isə bunu bacarmadıqları üçün ya ac qalmalı, ya da yenə kiminsə ümidinə qalıb, kömək istəməlidirlər.

Yaşlı insanlar bank tətbiqinə daxil olarkən parolunu itirməkdən, səhv düyməyə basaraq pul köçürməkdən və ya şəxsi məlumatlarını kiməsə verməkdən qorxur. Elektron hökumət xidmətlərindən istifadə zamanı mürəkkəb, yaşa uyğun olmayan dizayn, təsdiqləmə mərhələləri əlavə maneələr yarada bilir. Onlayn ödənişlərdə isə kiberdələduzluq qorxusu insanı rəqəmsal xidmətlərdən tamamilə uzaqlaşdıra bilər.

Bu səbəbdən yaşlı insanların rəqəmsal savadlılığını artırmaq üçün onlara sadəcə kompüter kursu keçmək kifayət deyil. Təlimlər onların gündəlik ehtiyaclarından başlamalıdır. İnsan texnologiyanın onun həyatını necə asanlaşdırdığını gördükdə, bildikdə öyrənməyə marağı artır. Yaşlı insanlar hansı düyməyə basmalı və ya basmamalı olduqlarını bilməlidirlər. Bank kartının hansı məluamtlarını heç vaxt paylaşmamalı olduğunu öyrənməlidir. Yəni onlar övlada, nəvəyə, qonşuya, “yoldan keçən”ə ehtiyac duymamalıdır.

Digər mühüm məsələ rəqəmsal xidmətlərin özlərinin yaşlı insanlar üçün daha əlverişli hazırlanmasıdır.

Bunun üçün xidmətlər, məlumatlar böyük və aydın şriftlərlə yazılmalı, menyular sadə olmalıdır. Bəzi yaşlılarda yaşla əlaqədar eşitmə qabiliyyəti zəif olsa da səsli izah imkanları da tətbiq olunmalıdır. Gələcək nəslin köhnə nəsildən daha bilikli, bacarıqlı olması danılmaz təbiət qanunudur.

Lakin bu əsas vermir ki, onları mürəkkəb prosesin içinə itələyib, yaşlı nəsil müasir dünya ilə ayaqlaşa bilməz damğasını vuraq.

Onları atdığımız mürəkkəb prosesin içindən özlərinin çıxmasına yardım göstərməli, müstəqil istifadə etmələrinə və onlara müasir dünyanın bir parçası olduqlarını hiss etdirməliyik. Bu, həm aidiyyatı qurumlarımn, həm cəmiyyətin işidir. Gələcəyimiz olmayan nəslə əl uzatmaq, tək hiss etdirməmək keçmişdən bu günə daşıdığımız və qorumağa borclu olduğumuz ənənələrdəndir.

Mənbə: bizim.media