371 kitab yazıb 1 milyon dollar qazandı – Hər kitaba cəmi 45 dəqiqə sərf edən qadının sirri

371 kitab yazıb 1 milyon dollar qazandı – Hər kitaba cəmi 45 dəqiqə sərf edən qadının sirri

Cənubi Afrikadan olan yazıçı süni intellektin köməyi ilə kitab nəşrində qeyri-adi nəticəyə imza atıb.

Musavat.com xəbər verir ki, o, 371 kitab hazırlayaraq 1 milyon dollardan çox gəlir əldə edib.

Koral Hart təxəllüsü ilə fəaliyyət göstərən yazıçı kitablarının süjetini, qəhrəmanlarını və fəsillərin planını özü hazırlayıb, mətnlərin yazılmasını isə süni intellektə həvalə edib.

Bu üsulla o, bir kitabın ilkin mətnini cəmi 45 dəqiqəyə hazırlaya bilib.

AFP agentliyinin məlumatına görə, 40 yaşlarında olan qadın 2025-ci ilin fevralından etibarən, təxminən 20 ay ərzində 371 kitab nəşr etdirib. O, süni intellektdən istifadə etməzdən əvvəl 14 il nəşriyyat sahəsində çalışıb və bu müddətdə texnologiyanın köməyi olmadan onlarla əsər yazıb.

Yazıçı müxtəlif süni intellekt modellərini mənimsəmək və qısa müddətdə bütöv kitablar yarada bilən öz sistemini qurmaq üçün təxminən üç ay vaxt sərf edib.

Hartın sözlərinə görə, o, kitabların hazırlanmasında ChatGPT, Claude və Grok kimi müxtəlif süni intellekt modellərindən istifadə edir. Bu proqramların hər birinin fərqli üstünlüklərindən yararlanaraq mətnlərin hazırlanması prosesini sürətləndirir.

Yazıçı bildirib ki, əvvəllər bir abzas hazırlamaq üçün süni intellektə bir neçə dəfə tapşırıq verməli olurdu. İndi isə onun yaratdığı sistem bütöv kitabın ilkin mətnini bir mərhələdə hazırlaya bilir.

Bununla belə, kitablar dərhal nəşrə göndərilmir. Hazırlanan mətnlər yenidən yoxlanılır, süjetdəki uyğunsuzluqlar, personajlarla bağlı səhvlər və digər çatışmazlıqlar aradan qaldırılır. Son mərhələdə isə mətn insan redaktor tərəfindən yoxlanılaraq düzəliş edilir.

Hartın romanlarından biri Amazon platformasında ən çox satılan 100 kitabın siyahısına daxil olub.

Onun süni intellektlə birgə hazırladığı kitabların böyük əksəriyyəti sevgi romanlarıdır. Yazıçı əsərlərinin mövzularını müəyyənləşdirərkən oxucuların maraqlarını və kitab bazarındakı tələbatı da araşdırır.

Hartın öz hesablamalarına görə, indiyədək elektron, çap və audiokitab formatlarında bir milyondan çox kitab nüsxəsi satılıb. Təkcə 2026-cı ildə əldə etdiyi gəlir isə 1 milyon dolları keçib.

Maraqlıdır ki, qadın Koral Hart adından başqa, daha 10-dan çox təxəllüslə kitab nəşr etdirir. Onun əsl adı isə ictimaiyyətə açıqlanmır.

Yazıçı artıq öz metodunu bir neçə yüz nəfərə öyrədib. Hazırda onun komandası süni intellekt vasitəsilə kitab hazırlamaq istəyən müəlliflər üçün Authorythm adlı xüsusi proqram təminatını istifadəyə verməyə hazırlaşır.

Lakin bu uğur ciddi narazılıqlara da səbəb olub. Hart AFP-yə müsahibəsində on minlərlə təhqiramiz mesaj və bir neçə ölüm təhdidi aldığını açıqlayıb.

Tənqidçilər onu süni intellekt vasitəsilə keyfiyyətsiz kitablar hazırlamaqda ittiham edirlər.

Yazıçı isə ittihamlara cavab olaraq bildirib ki, onun kitabları satılır və oxucular tərəfindən alınır.

“Oxucular keyfiyyətsiz kitabları oxumurlar, onları geri qaytarırlar”, – Hart vurğulayıb.

Mənbə: musavat.com