Yay aylarında günəşli hava, uzun günlər və açıq havada keçirilən vaxt insanları daha enerjili və ünsiyyətcil edir. Lakin havaların soyuması ilə birlikdə bəzi insanlar sosial həyatdan uzaqlaşmağa, evdən çıxmaq istəməməyə, hətta ən sevdikləri məşğuliyyətlərdən belə zövq almamağa başlayırlar.
Bəs havaların soyuması insanın psixoloji vəziyyətinə necə təsir edir?
Mövzu ilə bağlı “Yeni Sabah”a danışan psixoloq İlhamə Mustafayeva bildirib ki, havalar soyuduqca insanların özünə qapanması normal haldır:
“İnsan da təbiətin övladıdır, necə ki, təbiətdə havalar soyuduqca canlılar yuvalarına çəkilir, eləcə də bəzi insanlar da havalar soyuduqca özünə qapanır, hər şeydən uzaqlaşırlar. Bütün bu halların yaşanması çox normaldır. Belə ki, ən birincisi bu bir iqlim dəyişikliyidir, yayda günlərin uzun olması, günəş, dəniz, yaşıllıq və s kimi faktorlar insanı aktiv olmağa sövq edir. Payızın gəlişi insan orqanizmində də ona uyğunlaşmağı tələb edir., orqanizmin yeni fəsilə uyğunlaşması zaman tələb edir, həm də işlərin , dərslərin başlaması da bir səbəbdir, yayda çox insan məzuniyyətdə olur , bir müddət yuxu rejimin dəyişməsi, istədiyi vaxt yatıb istədiyi vaxt oyanmaq da sonradan problem yaradır, hər orqanizm bu dəyişiklikləri bir cür keçirir, bəzi insanlar payız depressiyasından əziyyət çəkir, əhval ruhiyyə aşağı düşür , enerjiləri aşağı olur, heç bir şeydən zövq ala bilmirlər, ünsiyyət qurmaq istəmirlər və s. Əgər bu hallar uzun müddət davam edərsə payızın keçib getməsindən sonra da müşahidə olunarsa onda həkimə müraciət etmək lazımdır”.
Psixoloq bildirib ki, bu haldan çıxmaq üçün daha çox hərəkət etmək və insanlarla ünsiyyətdə olmaq lazımdır:
“Əsas olaraq bu hərəkətin azalması ilə əlaqədarıdır, az hərəkət etmək, işləri növbəti günlərə saxlamaq, heç yana çıxmaq istəməmək və s. insanda bir sönüklük yaradır, bütün bunlara qalib gəlmək üçün daha çox hərəkət etmək, özünü evdən çıxıb payız gəzintilərinə getməyə məcbur etmək lazımdır, bəzi insanlar günəşin azalmasından dolayı əhval düşkünlüyü yaşaya bilər, həmin insanlar yaxşı olardı ki, əlvan geyimlər geyinsin və evdə ofisdə əlvan fincanlardan istifadə etsinlər. Əsas olaraq insanlar bunu təbiətdə olan bir dəyişiklik kimi qəbul etməli və buna adaptasiya etməlidirlər, yavaş yavaş hər gün bir az hərəkət və ünsiyyət etmək lazımdır, birdən birə olmaz təbii ki və qida rasionlarına qoz fındıq göbələk balıq meyvə tərəvəz əsasən də göyərti əlavə olunması bu adaptasiya müddətini qısaltmış olar”.
Əsmətxanım Rzazadə
Mənbə: yenisabah.az