Şimali Koreyalı hakerlər son 18 ay ərzində kriptovalyuta şirkətlərinə qarşı kiberhücumlar həyata keçirərək 400 milyon dollar dəyərində rəqəmsal aktiv oğurlayıblar.
Bu barədə “BILD” nəşri məlumat yayıb.
Hakerlər qurbanlarının tanışları kimi davranaraq kriptovalyuta şirkətlərinin əməkdaşlarını videozənglərə dəvət ediblər. Zənglər zamanı qarşı tərəfdə canlı insan əvəzinə əvvəlcədən qeydə alınmış videolar və ya kriptosənayenin tanınmış nümayəndələrinin saxta görüntüləri – dipfeyklər göstərilib.
Daha sonra kibercinayətkarlar texniki nasazlıq görüntüsü yaradaraq əməkdaşlara linkə daxil olmağı və ya kompüterdə müəyyən təlimatları yerinə yetirməyi təklif ediblər.
Nəticədə qurbanların cihazlarına zərərli proqramlar yüklənib və hakerlər onların hesablarına, eləcə də kriptovalyutalarına çıxış əldə ediblər.
Bundan əlavə, hakerlər qurbanları veb-kameralar vasitəsilə gizli qeydə alıblar. Sonradan həmin görüntülərdən istifadə edərək özlərini qurbanların əvəzinə təqdim edib onların tanışlarını da aldadıblar.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) bu cür 900-dən çox video qeydə alıb.
ABŞ rəsmilərinin qiymətləndirməsinə görə, oğurlanan vəsaitlər Kim Çen In rejiminin və Şimali Koreyanın hərbi proqramlarının maliyyələşdirilməsinə kömək edir.
Mənbə: bizim.media