“Xəstəyə səhv diaqnoz qoyulubsa, bu məsələdə həmişə həkim günahkar olmur”.
Bu sözləri Azərbaycan Tibb Universitetinin Farmokologiya kafedrasının dosenti, professor Aydın Əliyev bildirib.
O, bildirir ki, Azərbaycan həkimləri öz işinin peşəkarıdır:
“Hər zaman olmasa da, bir çox hallarda pasientlərə yanlış diaqnoz təyin edilə bilir. Bu kimi hadisələrin yaşanması danılmazdır, Amma xəstəyə səhv diaqnoz qoyulmasında təqsirkar heç də həmişə həkim deyil. Bəzən bu həkimdən asılı olmadan baş verir. Xəstəyə edilən analizlərin reaktivlərində hər hansı keyfiyyət problemi, ya da texniki nasazlıq olduğu zaman sözügedən hallar yaşanır. Bu da həkimin səhvi deyil. Düzgün diaqnoz və xəstəliyin təsbit edilməsi üçün həkimlərin yetəri qədər biliyi var. Onlar xəstəliyi təyin etmək üçün bir sıra suallar soruşur, məlumatlar əldə edirlər. Daha sonra isə məsləhətləşmələr aparılır. Bütün bu proseslərdən sonra diaqnoz təsbiti edilir.
Bir məsələyə də toxunum ki, Almaniyada fəaliyyət göstərən xarici həkimlərin içərisində ən çoxu Azərbaycan Tibb Universitetinin məzunlarıdır. Həmin ölkədə hər sahəyə olan münasibət bəllidir. Hər kəsə məlumdur ki, Almaniya işinin keyfiyyəti olmayan şəxsləri qəbul etmir. Yəni, bizim tibb universitetində fundamental elmlərin istiqamətləri dəqiq müəyyənləşdirilib, planlaşdırılaraq tətbiq olunur. Bütün bunlar hamısı fakta əsaslanan məlumatlardır.
Yanlış diaqnoz təyin edilən xəstə hüquq-mühafizə orqanlarına qədər bu məsələ barədə şikayət edə bilər. Unutmaq olmaz ki, hər kəsin belə bir vətəndaş hüququ vardır”.
Mənbə: yenisabah.az