İsrail süni intellektin yeni sisteminə üz tutdu - 40 min nəfərlik məlumat

İsrail süni intellektin yeni sisteminə üz tutdu - 40 min nəfərlik məlumat

Bir müddət əvvəl məlum olduğu kimi, İsrail Müdafiə ordusu öz hücumları zamanı süni intellektin köməyindən istifadə edir. Xarici mediada İsrail ordusunun süni intellektdən hələ 2021-ci ildən istifadə etdiyi barədə məlumatlar yer alıb. 

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, hazırda Qəzza zolağında İsraillə HƏMAS hərəkatı arasında qarşıdurma fonunda İsrailin hava hücumları zamanı süni intellektdən istifadə etməsi yenidən gündəmə gəlib. 

Belə ki, “The Guardian”ın araşdırmasına görə, İsrail Müdafiə Ordusu hava hücumlarının hədəflərinin dəqiqləşdirilməsi üçün süni intellekt bazasında yaradılan “Gospel” adlı texnologiyadan istifadə edir. 

Bildirilir ki, çox sayda mənbə sözügedən sitemin mövcudluğunu təsdiq edir. “Gospel”in HƏMAS döyüşçülərinin gizləndiyi fərdi evləri aşkar etməkdə İsrail ordusuna yardım etdiyi qeyd olunub. 

Bununla yanaşı, bu sistemin İsrail hərbçilərinə HƏMAS döyüşçüləri barədə məlumat toplamağa kömək etdiyi də vurğulanıb. Belə güman edilir ki, “Gospel” HƏMAS-la əlaqəsi olan 40 min nəfər barəsində məlumat əldə edib. 

Xarici mediada yer alan məlumata görə, İsrailin rəsmi şəxsləri ölkənin hücumlar zamanı süni intellektdən istifadə etməsini gizlətmirlər.

Mənbə: qafqazinfo.az