Apple şirkətinin baş direktoru Çinə səfər edib

Apple şirkətinin baş direktoru Çinə səfər edib<span class="qirmizi"></span>

ABŞ-ın texnologiya şirkəti Apple-ın baş direktoru Tim Kuk Çin İnkişaf Forumunun (CDF) ilk günündə iştirak etdiyi iclasda 2023-cü ilin Apple-ın Çində fəaliyyətə başlamasının 30-cu ildönümü olduğunu və illər ərzində ölkə ilə birlikdə böyüdüklərini vurğulayıb.

Marja xəbər verir ki, ABŞ-ın texnologiya sahəsində Çinə tətbiq etdiyi sanksiyalar və tədarük zəncirlərindəki fasilələrlə bağlı problemlərdən bəhs etməkdən çəkinən Kuk, şəhər və kənd yerləri arasındakı uçurumu aradan qaldırmaq üçün təhsildə texnologiyadan istifadənin əhəmiyyətinə diqqət çəkib.

 

Kuk bildirib ki, Apple Çinin kəndlərində təhsil proqramına ildə 100 milyon yuan (14,5 milyon dollar) ayıracaq.

Kuk forumdan əvvəl Pekinin Sanlitun rayonunda Apple-ın Çində açılan ilk mağazası olan Apple Store-a baş çəkib, mağaza işçiləri və müştərilərlə foto çəkdirib.

Martın 25-27-də davam edəcək forumda Kuk Baş nazir Li Çianq və yüksək səviyyəli Çin rəsmiləri, eləcə də işgüzar dairələrlə görüşəcək.

Forumda Kukdan başqa, Bridgewater Associates investisiya şirkətinin təsisçisi Rey Dalio, Pfizer əczaçılıq şirkətinin baş direktoru Albert Bourla və istehlak məhsulları şirkəti Procter & Gamble-ın baş direktoru Con Moeller iştirak edirlər.

ABŞ və Çin arasında son vaxtlar artan gərginliyə baxmayaraq, Apple 22 faizlə Çində smartfon satışlarında ən böyük paya sahibdir. Şirkət smartfonlarının əksəriyyətini subpodratçılar vasitəsilə Çində istehsal edir.

“Apple” və onun müqavilə bağladığı istehsalçıların Çinlə bağlı geosiyasi riskin artması səbəbindən istehsallarını Vyetnam və Hindistan kimi qonşu ölkələrə köçürmək təşəbbüsü ilə çıxış etdikləri müşahidə edilir.

Mənbə: marja.az