Ayın atmosferində itmiş Hindistan kosmik gəmisi ilə əlaqəni bərpa etmək şansı azalır

Ayın atmosferində itmiş Hindistan kosmik gəmisi ilə əlaqəni bərpa etmək şansı azalır

Bakı, 14 sentyabr, AZƏRTAC

Məlum olduğu kimi, sentyabrın 7-də Hindistan Ay missiyasını yerinə yetirən özünün “Chandrayaan-2” pilotsuz kosmik gəmisi ilə əlaqəni itirib. AZƏRTAC Press Trust of India (PTI) agentliyinə istinadla xəbər verir ki, Hindistanın Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) hər ötən saat kosmik aparatın batareyasının tükəndiyini, bir neçə gündən sonra modulun işləməsi üçün heç bir gücünün qalmayacağını bildirib. ISRO əlavə edib ki, qısa bir müddətdə günəş panelləri vasitəsilə enerji hasil etmək mümkün olacaq, lakin bu, kosmik aparatın fəaliyyəti üçün yetərli olmayacaq.

ISRO-nun adının açıqlanmasını istəməyən nümayəndəsi qeyd edib ki, kosmik gəmi ilə rabitənin bərpa edilməsi ehtimalı çox azdır. Modulun 14 günlük iş həcminin olduğunu xatırladan mütəxəssis bildirib ki, təşkilatın “Vikram” lunoxodu ilə yenidən əlaqə yaratması üçün cəmi bir həftə vaxtı qalıb.

Xatırladaq ki, sentyabrın 6-dək lunoxodun Ayın səthinə enməsi əməliyyatı plana uyğun həyata keçirilirdi və onu son olaraq 2,1 kilometrədək müşahidə etmək mümkün olub. Lakin bu məqamda rabitə itib və səkkiz gün keçməsinə rəğmən bərpa olunmayıb.

ISRO-nun sədri Kailasadavioo Sivan isə sentyabrı 8-də bildirib ki, “Vikram” lunoxodunun yeri müəyyən edilib. Lakin məlum olub ki, rabitə bərpa olunmayıb və modul bir həftədən sonra öz fəaliyyətin tamamilə dayandıracaq.

ABŞ, Rusiya və Çindən sonra Hindistan Ayın səthinə yumşaq eniş edən dördüncü ölkə olmaq iddiasındadır. Rabitə kəsilən “Chandrayaan-2” pilotsuz kosmik gəmisinin iyulun 22-də kosmosa buraxılmasını Baş Nazir Narendra Modi başda olmaqla bir çox insan canlı yayımda izləmişdi.

Mənbə: azertag.az