Televizordan bizi izləyə, maşını idarə edə bilərlər: Necə qorunaq?

Televizordan bizi izləyə, maşını idarə edə bilərlər: Necə qorunaq?

Livanda peycer və telefonlara edilən hücumdan sonra smart cihazların təhlükəsizliyi hər kəsi düşündürməyə başlayıb. Məişət texnikasından tutmuş avtomobillərə qədər internetə qoşula bilən bir çox cihaz kənardan idarə oluna bilərmi?

Axar.az xəbər verir ki, məsələ ilə bağlı türk mediasına açıqlama verən kibertəhlükəsizlik üzrə mütəxəssis Tamer Şahin internetə qoşulan bütün ağıllı cihazların risk altında olduğunu bildirib.

“Bu cihazlar davamlı olaraq internetə bağlı olduğu üçün kiber hücumlarla manipulyasiya edilə və fiziki həyata zərər vermək üçün istifadə edilə bilər. Məsələn, soyuducuda yanğın törədə və ya televizor kamerası vasitəsilə insanları seyr edə bilərlər. Smartfonlar söndürüldükdə belə digər cihazlarla əlaqə qurur”, - o deyib.

Tamer Şahin bir çox yeni nəsl avtomobillərdə kənar müdaxilə ilə əyləclərin bağlana, sükanın döndərilə bilindiyini iddia edib. Onun sözlərinə görə, bu cür müdaxilələr xüsusilə yüksək sürətdə ciddi qəzalara səbəb ola bilər.

Mərmərə Universitetinin professori Əli Murad Kırık ağıllı məişət texnikasının risk altında olduğunu ististna etməyib:

“Ağıllı elektrik yuvaları (rozetkalar), termostatlar və sobalar kimi cihazlar zərərli proqramlar vasitəsilə həddindən artıq istiləşməyə və ya elektrik yüklənməsinə səbəb ola bilər. Bu, yanğın və ya partlayış təhlükəsi yaradır”.

Kiber Təhlükəsizlik Mütəxəssisi Osman Dəmircan modem təhlükəsizliyinin gözardı edilməməsi lazım olduğunu vurğulayıb:

“Modem evdəki bütün ağıllı cihazlara qoşulub. Həssas bir modem bütün smart cihazlara girişi təmin edir. Modemin təhlükəsizliyi təmin olunmazsa, o, kənar müdaxilələrə açıq olur”.

Bununla belə ekspertlər qeyd edib ki, kibertəhlükələrdən qorunmaq üçün proqram təminatı yenilənməlidir: mürəkkəb və güclü parollardan istifadə, etibarlı brendlərdən məhsul seçmək təhlükəsizlik risklərini azaldır.

Mənbə: axar.az