Xüsusi zolaqlar təcili yardım avtomobillərinin gecikmədən hərəkətinə imkan yaradacaq - BNA

Bakı. Samir Əli - Trend:

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən paytaxtda yaradılan xüsusi avtobus zolaqları əsasən pandemiya dövründə xüsusi nəqliyyat vasitələrinin maneəsiz hərəkətinə şərait yaradacaq.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

O, bildirib ki, bu zolaqlar həmçinin sərnişinlərin vaxtında mənzil başına çatmasına yardımçı olacaq: "Mikayıl Hüseynov küçəsində yaradılan zolaq cənub istiqamətindən şəhər mərkəzinə daxil olan zolaqla hərəkət marşrutların xüsusən pik saatlarında intervallardakı gecikmələri aradan qaldıracaq. Bu istiqamətdə şəhərə daxil olan sərnişin avtobuslarının hərəkətlərində gecikmələr yaranır. Hərəkət zolağı tam istifadəyə veriləndən sonra bu problem aradan qalxacaq. Gecikmələr 20 dəqiqədən 4 dəqiqəyə düşəcək. Sərnişinlər bu küçədə 16 dəqiqə vaxta qənaət edəcək. Bu pandemiya vaxtında olduqca əhəmiyyətli göstəricidir. Bu zolağın istifadəyə verilməsi həmin küçədən sonrakı ərazilərdə sərnişinlərin daha az müddətdə avtobus gözləməsinə şərait yaradacaq.

Mais Ağayev qeyd edib ki, yaxın günlərdə Qara Qarayev və Atatürk prospektlərində də xüsusi zolaqların yaradılmasına başlanılacaq: "Zolaqlarda qanunun tələbinə uyğun olaraq yalnız marşrut avtobusları və ekspress xəttləri hərəkət edə bilər, digər avtomobillərin hərəkəti qadağandır. Zolaqda həmçinin operativ nəqliyyat vasitələri də hərəkət edə bilər. Bu da xüsusən təcili yardım avtomobillərinin çağırış yerinə vaxtında çatmasına yardım edəcək".

Trend.az

ƏVVƏLKİ XƏBƏR

COVİD-19 xəstələri Mingəçevirdə karantin postunda saxlanıldılar

SONRAKI XƏBƏR

"Qarabağın məşhur müəllimləri" - Müseyib İlyasov