Yeni rektor özünə müşavir təyin etdi - Fotolar

Yeni rektor özünə müşavir təyin etdi -

Sumqayıt Dövlət Universitetində kadr təyinatı həyata keçirilib.

“Modern.az”a istinadla xəbər verilir ki, bununla bağlı universitetin rektoru, Nurəli Yusifbəyli, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Cəfər Xanış oğlu Əsədov Sumqayıt Dövlət Universitetinin rektorunun Maliyyə və təsərrüfat məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunub.

Yeni təyinatla əlaqədar iyunun 3-də keçirilən görüşdə rektor Nurəli Yusifbəyli Cəfər Əsədovu universitet kollektivinə təqdim edib.

Görüşdə çıxış edən Cəfər Əsədov ona göstərilən etimada görə təşəkkürünü bildirərək, universitet rəhbərliyinin müəyyən etdiyi hədəflərin reallaşdırılması, maliyyə və təsərrüfat sahəsində fəaliyyətin daha da təkmilləşdirilməsi istiqamətində üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirəcəyini qeyd edib.


Qeyd edək ki, Cəfər Xanış oğlu Əsədov 1985-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsinə daxil olub.

O, 1992-ci ildə həmin ali təhsil müəssisəsini fərqlənmə diplomu ilə başa vurub. Cəfər Əsədov 1990–1993-cü illərdə Xətai rayon Ticarət İdarəsində iqtisadçı, mühasib və baş mühasib vəzifələrində çalışıb.

1993–1997-ci illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində aparıcı mühasib, bölmə və şöbə müdiri, aparıcı müfəttiş kimi məsul vəzifələrdə fəaliyyət göstərib.

1997–2001-ci illərdə Azərbaycan Respublikası Dövlət Vergi Müfəttişliyində (sonradan Vergilər Nazirliyi) şöbə müdiri, rəis müavini və rəis vəzifələrini icra edib.

Maliyyə və vergi sistemində qazandığı zəngin təcrübəni sonrakı illərdə bank sektorunda davam etdirən Cəfər Əsədov 2001-ci ildən 3 aprel 2026-cı il tarixinədək ABB ASC-də filial müdirinin müavini və filial müdiri vəzifələrində çalışıb. O, International Financial Training Academy tərəfindən təşkil olunan təlim proqramını uğurla başa vuraraq sertifikata layiq görülüb. Cəfər Əsədov Yeni Azərbaycan Partiyasının üzvüdür.






Mənbə: bizim.media