Moskvada benzin sürətlə bahalaşır

Moskvada benzin sürətlə bahalaşır

Moskvadakı yanacaqdoldurma məntəqələrində benzinin qiymət artımı kəskin şəkildə sürətlənib.

Modern.az-a istinadən xəbər verilir ki, 15–19 iyun tarixlərinin yekunlarına görə, Moskva və Moskva vilayətində Aİ-92 və Aİ-95 markalı benzinin qiymət artımı əvvəlki həftələrlə müqayisədə 3–4 dəfə yüksəlib.

Daha sürətli bahalaşma Moskva vilayətində qeydə alınıb. Burada yanacağın qiyməti hər litr üçün 3 rubldan çox artıb.

Bazar iştirakçıları vəziyyəti belə izah edirlər: müstəqil yanacaqdoldurma məntəqələri yanacaq təklifinin ümumi azalması şəraitində daha bahalı Belarus benzini almağa məcbur qalırlar. Bu da pərakəndə satış qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olur.

Aİ-92 markalı benzin 15–19 iyun tarixlərində Moskvada 2,07 rubl bahalaşaraq 1 litr üçün 67,95 rubla yüksəlib. Halbuki əvvəlki dövrdə həftəlik artım 0,1–0,5 rubl arasında dəyişirdi.

Moskva vilayətində vəziyyət daha da nəzərəçarpandır. Bu həftə ərzində:

Aİ-95 benzininin orta qiyməti 3,44 rubl artaraq litr üçün 76,49 rubla çatıb;

Aİ-92 benzininin orta qiyməti 3,87 rubl yüksələrək litr üçün 69,71 rubla çatıb.

Dizel yanacağının qiymətində də ciddi artım qeydə alınıb:

Moskvada dizelin orta qiyməti 1,73 rubl artaraq litr üçün 81,7 rubla yüksəlib;

Moskva vilayətində isə qiymət 3,33 rubl bahalaşaraq litr üçün 82,85 rubla çatıb.

Mütəxəssislərin qeyd etdiyi kimi, bu, mart ayından bəri müşahidə olunan ən böyük qiymət artımıdır.

Mənbə: olke.az