Biznes üçün də, vətəndaş üçün də kreditə çıxış hələ də bahadır — ekspert

Biznes üçün də, vətəndaş üçün də kreditə çıxış hələ də bahadır — ekspert

Bank sektorunda uçot dərəcəsinin dəyişməz saxlanılması kredit bazarında da diqqətlə izlənilir. Adətən bu qərarın kredit faizlərinə təsir edəcəyi gözlənilsə də, praktikada faizlər hər zaman eyni istiqamətdə dəyişmir.

Bəs uçot dərəcəsi sabit qaldığı halda kredit faizləri niyə aşağı düşmür?

İqtisadçı Asif İbrahimov açıqlamasında söyləyib ki, inflyasiya nəzarət altındadır, qiymət sabitliyi qorunur və makroiqtisadi risklər diqqətlə izlənilir:



“Bu qərar nəzəri baxımdan bank sektorunda maliyyə resurslarının dəyərinin sabit qalacağı və zaman keçdikcə kredit faizlərinin də aşağı düşəcəyi gözləntisini yaradır. Amma reallıq tamamilə fərqlidir. Bu gün Azərbaycan iqtisadiyyatında ən bahalı məhsullardan biri məhz puldur. Biznes üçün də, vətəndaş üçün də kreditə çıxış hələ də bahadır. Deməli, problem artıq uçot dərəcəsində deyil. Problem maliyyə bazarının öz strukturundadır. İllərdir ictimaiyyətə belə bir fikir təqdim olunur ki, uçot dərəcəsi azalarsa, kreditlər də ucuzlaşacaq. Halbuki Azərbaycanda bu mexanizm tam gücü ilə işləmir. Uçot dərəcəsi sabit qalır, inflyasiya müəyyən çərçivədə saxlanılır, bank sektorunun mənfəəti artır, lakin kredit faizləri eyni sürətlə aşağı düşmür. Bu isə pul-kredit siyasətinin real iqtisadiyyata ötürülmə mexanizminin zəif işlədiyini göstərir. Əsas problem ondan ibarətdir ki, banklar kredit faizlərini təkcə Mərkəzi Bankın qərarlarına görə müəyyən etmirlər. Onlar bazardakı mövqelərinə, rəqabət səviyyəsinə və mənfəət strategiyasına uyğun qiymət formalaşdırırlar. Rəqabətin məhdud olduğu bazarda isə qiymətlərin sürətlə ucuzlaşmasını gözləmək iqtisadi baxımdan real deyil”.

İqtisadçı daha ciddi problemin isə maliyyə resurslarının qiyməti olduğudur bildirib:

“Banklar depozitləri yüksək faizlə cəlb edir, sonra həmin vəsaitləri daha yüksək faizlə kredit kimi yerləşdirirlər. Nəticədə yüksək faizlər sistemin özündə dövr edir. Bu vəziyyətdə uçot dərəcəsinin sabit qalması yalnız statistik göstərici kimi görünür, real sektora isə gözlənilən təsiri vermir. Burada diqqət çəkən başqa bir məqam da risk amilidir. Banklar kredit faizlərinin yüksək olmasını problemli kreditlər və risklə əsaslandırırlar. Lakin sual yaranır: əgər risk bu qədər yüksəkdirsə, bank sektoru niyə ardıcıl olaraq yüksək mənfəət əldə edir? Əgər risklər azalıbsa, niyə bu azalma kredit faizlərində əks olunmur? Risk yalnız faizləri artırmaq üçün istifadə olunan arqument olmamalıdır; risk azalanda onun faydası da müştəriyə ötürülməlidir.

Ümumiyyətlə, maliyyə bazarında alternativ mənbələrin zəif inkişaf etməsi bankların dominant mövqeyini gücləndirir. İnkişaf etmiş iqtisadiyyatlarda sahibkar yalnız bank kreditindən asılı deyil. Korporativ istiqrazlar, investisiya fondları, lizinq, faktorinq, vençur maliyyələşməsi və digər maliyyə alətləri banklarla rəqabət aparır. Azərbaycanda isə maliyyələşmənin əsas yükü hələ də bank sektorunun üzərindədir. Rəqabət zəif olduqda isə qiymətlərin aşağı düşməsi üçün iqtisadi stimul da zəifləyir. Məsələnin başqa bir tərəfi isə monetar siyasətin effektivliyidir. Əgər Mərkəzi Bankın faiz qərarları kredit bazarında hiss olunmursa, bu, təkcə bankların deyil, ümumilikdə pul siyasətinin ötürülmə mexanizminin səmərəliliyi barədə suallar yaradır. Pul siyasətinin məqsədi yalnız inflyasiyanı nəzarətdə saxlamaq deyil, həm də maliyyə resurslarının real iqtisadiyyata səmərəli çatdırılmasını təmin etməkdir. Əgər sahibkar kreditə çıxışda çətinlik çəkirsə, investisiya qərarlarını təxirə salırsa və istehlakçı yüksək faiz yükü altında qalırsa, pul siyasətinin iqtisadi artıma təsiri məhdudlaşır”.

Asif İbrahimov əlavə edib ki, bu gün əsas məsələ uçot dərəcəsinin neçə faiz olması deyil:

“Əsas məsələ odur ki, Mərkəzi Bankın qərarları bazara hansı sürətlə və hansı effektivliklə ötürülür. Əgər bu ötürülmə zəifdirsə, uçot dərəcəsinin artırılması da, azaldılması da gözlənilən nəticəni verməyəcək. Artıq müzakirə “uçot dərəcəsi neçə faiz olsun?” sualından “kredit faizlərinin formalaşma mexanizmi nə qədər şəffafdır?” sualına keçməlidir. Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı üçün bank sektorunda daha güclü rəqabət, alternativ maliyyə bazarlarının inkişafı, kredit risklərinin daha obyektiv qiymətləndirilməsi və faiz siyasətinin şəffaflığının artırılması vacibdir. Əks halda, makroiqtisadi sabitlik haqqında müsbət statistik göstəricilər real sektorda fəaliyyət göstərən sahibkarın və kredit götürən vətəndaşın gündəlik maliyyə yükünü azaltmayacaq.

Bunu unutmamalıyıq ki, bu sahədə uğur yalnız inflyasiya göstəriciləri ilə deyil, biznesin hansı faizlə maliyyələşə bilməsi, investisiyanın nə qədər sürətlə artması və vətəndaşın kreditə hansı şərtlərlə çıxış əldə etməsi ilə ölçülür. Əgər bu göstəricilər dəyişmirsə, deməli, nəticələr hələ də real iqtisadiyyata tam çatmayıb”.

Mənbə: demokrat.az