ADSEA yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verdi - VİDEO

ADSEA yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verdi -

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən vətəndaşların su xidmətləri ilə bağlı zəruri məlumat və xidmətlərə çıxışının daha da asanlaşdırılması məqsədilə yeni rəqəmsal QR Bələdçi platforması istifadəyə verilib.

Bu barədə ADSEA məlumat yayıb.

Bildirilib ki, QR Bələdçi su xidmətləri üzrə zəruri məlumat və xidmətləri vahid platformada birləşdirən, vətəndaşların müvafiq xidmətlərə rahat və operativ çıxışını təmin edən yeni rəqəmsal həlldir. Platformada Agentliyin müvafiq qurumları tərəfindən göstərilən xidmətlər, müraciət qaydaları və vətəndaşlar üçün faydalı məlumatlar sistemli və aydın formada təqdim olunur.

Platformanın əsas üstünlüklərindən biri xidmət və məlumatların ərazi üzrə uyğunlaşdırılmasıdır. İstifadəçi QR kodu oxudaraq müvafiq şəhər və ya rayonu seçir. Seçim əsasında həmin əraziyə xidmət göstərən qurum müəyyən edilir və müvafiq xidmətlər istifadəçi üçün əlçatan olur.

QR Bələdçinin analitik imkanları həmçinin istifadəçi davranışlarının təhlilinə və platformanın davamlı təkmilləşdirilməsinə imkan yaradır. Əldə olunan göstəricilər istifadəçi ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsinə və davamlı təkmilləşdirilməsinə xidmət edir. Eyni zamanda, QR Bələdçinin funksionallığının mərhələli şəkildə genişləndirilməsi və gələcəkdə yeni funksiyaların əlavə olunması nəzərdə tutulur.

Yeni həll su xidmətləri üzrə vətəndaş təcrübəsinin təkmilləşdirilməsinə, zəruri xidmətlərə çıxışın sadələşdirilməsinə və rəqəmsal xidmətlərdən istifadənin daha çevik təşkilinə xidmət edir.

Platformaya birbaşa keçid linki: https://qr.adsea.az

Mənbə: qafqazinfo.az