Gələn həftə dollar təxminən 85 rubl, avro 99 rubl, yuan isə 12,6 rubl təşkil edəcək.
Bu proqnozu Gazeta.ru-ya iqtisad elmləri namizədi, “BKS Mir investitsiy” fond bazarı üzrə ekspert Mixail Zeltser verib.
“Yay valyuta mövsümü rubl üçün çox mənfi, lakin gözlənilən şəkildə başa çatdı, xarici valyutaların məzənnələri isə hətta hesablanmış göstəricilərdən bir qədər yüksəyə qalxdı — dollar 86 rubldan yuxarı, avro 100 rubldan yuxarı, yuanın isə müəyyən məqamda 13 rubl həddini sınaqdan keçirməsinə bir az çatmadı. Birja payızı gəlib və sentyabrda rubl adətən sabitləşir. Xarici valyutaların həddindən artıq yüksəlmiş məzənnələrində korreksiya gözlənilir. Mərkəzi Bank da sentyabrın 11-də keçiriləcək iclasında uçot dərəcəsini saxlayarsa, rublun xeyrinə rol oynaya bilər. Lakin xarici valyuta məzənnələrindəki artım meylləri, ehtimal ki, saxlanılacaq”, - deyə Zeltser qeyd edib.
Investing.com-un məlumatına görə, sentyabrın 1-də birjadankənar bazarda dollar müəyyən məqamda 87,8 rubla, avro isə 100,7 rubla qədər yüksəlib. Moskva Birjasında yuanın məzənnəsi 12,9 rublu ötüb. Son bir ay ərzində xarici valyutalar Rusiya valyutasına nisbətdə təxminən 10 faiz bahalaşıb.
Hüseyn İbadlı
Mənbə: publika.az