Alkoqoldan imtinanın ən çətin dövrü: İlk həftələrdə orqanizmdə nə baş verir?

Alkoqoldan imtinanın ən çətin dövrü: İlk həftələrdə orqanizmdə nə baş verir?

"Spirtli içkilərdən imtina etdikdən sonra bir çox insan gözlənilməz halla qarşılaşır: alkoqolsuz keçən ilk həftələr və ya aylar düşünüldüyündən daha çətin olur və məhz bu dövr yenidən asılılığa qayıtmağın əsas səbəblərindən birinə çevrilir".

Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya rusiyalı psixiatr-narkoloq Mariya Kasperoviç deyib.

"İçkini tərgitdikdən sonra səhhətin pisləşməsi spirtli içkisiz həyatın qeyri-mümkün olması demək deyil. Əksər hallarda bu, sağalma prosesinin təbii və qanunauyğun mərhələsidir", - deyə mütəxəssis izah edib.

Çoxları yanlış olaraq düşünür ki, alkoqol yalnız fiziki problemlərə yol açır. Əslində isə o, fərqli bir funksiya daşıyaraq emosiyaları idarə etmək vasitəsinə çevrilir. Kasperoviç bildirib:

"Əgər insan illərlə stres, təşviş və ya günahkarlıq hissini içki vasitəsilə boğubsa, ondan imtina etdikdə həmin hisslər heç yerə yox olmur. Əksinə, onlar ilk dəfə tam gücü ilə hiss edilməyə başlayır".

Spirtli içki bir növ emosional dayaq rolunu oynayır. Həkim bunu belə izah edib:

"O mövcud olduqca insana elə gəlir ki, çətin anları adlamağı və dincəlməyi bacarır. Bu mexanizm aradan qalxdıqda isə boşluq hissi yaranır. Bu, alkoqolsuz yaşamağın mümkünsüzlüyü deyil, psixikanın duyğuların öhdəsindən gəlməyi yenidən öyrənməli olduğu anlamına gəlir".

İlk həftələrdə şəxs yuxu pozğunluğu, səbəbsiz qıcıqlanma, təşviş və əhvali-ruhiyyənin tez-tez pisləşməsi kimi hallarla üzləşə bilər.

"Əksəriyyət bundan qorxur və "içkisiz mənə daha pisdir" qənaətinə gəlir. Reallıqda isə beynin emosiyaları tənzimləmək üçün təbii mexanizmlərini bərpa etməsinə vaxt lazımdır. Bu proses bir neçə günə başa çatmır", - deyə Kasperoviç vurğulayıb.

Burada vərdiş edilmiş həyat tərzinin dəyişməsi də xüsusi rol oynayır.

Mütəxəssis qeyd edib:

"Alkoqol istirahətin bütün ssenarilərinə - cümə günlərinə, görüşlərə, məzuniyyət və bayramlara daxil edilmişdi. Ondan imtina etdikdən sonra insan başqa cür necə dincəlməli olduğunu bilmir. Bu, zövqün deyil, sadəcə öyrəşilmiş ritualın itirilməsidir".

Xəstənin yaxınları da çox vaxt insanın dərhal xoşbəxt və sakit olacağını gözləyərək səhvə yol verirlər. Keçmişdə içki asılılığı olan şəxslər tez-tez "İçkini atmısan, niyə hələ də əsəbisən?" sualını eşidirlər. Kasperoviç izah edib ki, psixoloji bərpa zaman tələb edir:

"Bu dövrdə ən vacib amillər dəstək olmaq və həddən artıq yüksək gözləntilərə qapılmamaqdır".

Bir çox pasiyent etiraf edir ki, onlar üçün ən çətini spirtli içkidən imtina etmək yox, öz emosiyalarını onları boğmağa öyrəşdikləri vasitə olmadan yaşamaq məcburiyyətidir.

"Alkoqol problemləri həll etmirdi. O, sadəcə həmin problemlərlə üzləşməyi təxirə salırdı. Məhz buna görə də imtinadan sonra insan həm sağlamlığını bərpa etməli, həm də daimi emosional anesteziya olmadan yaşamağı yenidən öyrənməlidir", - deyə həkim fikrini yekunlaşdırıb.

Mənbə: oxu.az