2 milyardlıq xərcə qarşı 3,2 milyardlıq kəsir: İqtisadçıdan nəsillərarası borc AÇIQLAMASI

2 milyardlıq xərcə qarşı 3,2 milyardlıq kəsir: İqtisadçıdan nəsillərarası borc AÇIQLAMASI

2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 39,2 milyard manat, xərclərinin isə 42,4 milyard manat olacağı proqnozlaşdırılır. Bu halda büdcədə 3,166 milyard manat kəsir yaranması gözlənilir ki, bu da ÜDM-in 2,2 faizinə bərabərdir.

İqtisadçı Rəşad Həsənov bildirib ki, qeyd olunan göstəricilər 2027-ci il və sonrakı dövr üzrə ortamüddətli xərclər çərçivəsi sənədində ilin əvvəlində ehtimal olunan indikatorlar əsasında hazırlanıb.

Onun sözlərinə görə, hesablamalarda neftin bir bareli üçün 65 ABŞ dolları baza qiyməti götürülüb və məhz bu baza ssenarisi əsasında büdcə kəsirinin yaranması ehtimalı irəli sürülüb.
“Böyük ehtimalla, hazırda büdcə prosesi davam edir və yekun təqdim edilən versiyada bu göstəricilərdə dəyişiklik müşahidə ediləcək. Hökumətin vergi siyasəti, eyni zamanda geosiyasi faktorların təsiri nəzərə alınmaqla burada dəyişikliklər ola bilər”, – deyə iqtisadçı qeyd edib.
R.Həsənov vurğulayıb ki, gəlir və xərclərin eyni tempdə artması büdcənin mütləq şəkildə balanslı olacağı anlamına gəlmir. Əsas məsələ gəlir və xərclərin hansı istiqamətlər üzrə və nə qədər artmasıdır.
İqtisadçı hesab edir ki, bir çox hallarda büdcə kəsiri ilə bağlı ilkin proqnoz özünü doğrultmur. Onun sözlərinə görə, bu, hökumətin daha konservativ və ehtiyatlı yanaşma əsasında hazırladığı siyasət sənədi çərçivəsində formalaşan proqnozdur.
“Əgər neftin qiyməti daha yüksək olarsa, neft sektorunda toplanan vergi məbləği arta və bəzi gəlir mənbələri üzrə proqnozlar daha yüksək icra oluna bilər. Əksinə, xərc mənbələri üzrə proqnozlaşdırılan vəsaitlərin tam xərclənməməsi də büdcə kəsirinin daha aşağı olmasına, bəzi hallarda isə hətta profisitin yaranmasına səbəb olur”, – deyə Rəşad Həsənov bildirib.
Ekspertin sözlərinə görə, büdcə kəsiri yalnız maliyyə çatışmazlığı kimi qiymətləndirilməməlidir. Keynsçi yanaşmaya əsaslanan siyasətlərdə kəsirdən iqtisadiyyatı stimullaşdırmaq üçün də istifadə olunur. Yəni iqtisadiyyatdan alınandan daha çox vəsaitin iqtisadiyyata qaytarılması hesabına iqtisadi artımın dəstəklənməsi hədəflənə bilər.
R.Həsənov qeyd edib ki, büdcənin kəsirlə formalaşmasının digər səbəblərindən biri strateji layihələrin maliyyələşdirilməsi ilə bağlı ola bilər. Onun fikrincə, hökumətlər belə layihələrin maliyyələşdirilməsi zamanı fiskal yükü yalnız indiki nəslin deyil, gələcək nəsillər arasında da bölüşdürə bilər.
“İşğaldan azad edilmiş ərazilərin bərpası layihələri kimi strateji layihələrin borc vasitəsilə həyata keçirilməsi və fiskal yükün nəsillər arasında bölüşdürülməsi siyasətinə üstünlük verilməsi də kəsirlə büdcənin icrasında digər təyinedici məqamlardan biridir”, – deyə iqtisadçı əlavə edib.

Mənbə: www.bakupost.az