Bakı-Sumqayıt qatarlarında sərnişin böhranı – Əlavə reyslər nə dərəcədə effektivdir?

Bakı-Sumqayıt qatarlarında sərnişin böhranı – Əlavə reyslər nə dərəcədə effektivdir?

Son günlər sosial şəbəkələrdə yayılan videolara əsasən, Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatarlarda, xüsusilə səhər saatlarında sərnişin sıxlığı kəskin artıb.

Sərnişinlərin vaqonlara daxil olması zamanı böyük izdiham yaranır, bəzi hallarda isə vaqonlarda hərəkət etmək belə mümkün olmur.

Məsələ xüsusilə yeni tədris ilinin başlamasından sonra aktuallaşıb. Yeni tədris ilinin ilk günündə Abşeron dairəvi dəmir yolu xəttində rekord sayda sərnişin səfəri qeydə alınıb.

Məlumat üçün bildirək ki, artan sərnişin tələbatı fonunda "Azərbaycan Dəmir Yolları” QSC də şəhərətrafı qatarların sayını artırıb. Belə ki, sentyabrın 17-dən həftəiçi şəhərətrafı qatar reyslərinin gündəlik sayı 96-dan 100-ə çatdırılıb. Sumqayıt–Pirşağı–Bakı istiqamətinə səhər saatlarında əlavə reyslər, əks istiqamətə isə əlavə qatarlar təyin edilib.

Lakin əlavə reyslərin tətbiqinə baxmayaraq, sosial şəbəkələrdə səhər saatlarında sıxlığın davam etdiyini göstərən görüntülər yayılır.

Böyük şəhərlərdə səhər və axşam pik saatlarında ictimai nəqliyyatın həddindən artıq yüklənməsi uzun illərdir əsas nəqliyyat problemlərindən biri hesab olunur. Bu problemin qarşısını almaq üçün müxtəlif şəhərlərdə sərnişin sıxlığının azaldılması və nəqliyyat axınının tənzimlənməsi istiqamətində bir sıra tədbirlər görülür.

Məsələn, Cənubi Koreyanın paytaxtı Seulda sərnişin sıxlığının azaldılması üçün qatarların hərəkət intervalını azaltmağa imkan verən müasir siqnalizasiya sistemlərinin tətbiqi nəzərdə tutulur. Şəhər rəhbərliyinin məlumatına görə, yeni sistemin tətbiqi nəticəsində metroda orta sıxlığın 20 faizdən çox azaldılması planlaşdırılır.

Seul metrosunda bəzi xətlərdə səhər saatlarında sıxlıq normadan xeyli yüksəkdir. Şəhərin məlumatına görə, 9-cu xəttdə səhər pik saatında müəyyən stansiyada sıxlıq 182,5 faizə, 2-ci xəttdə isə 150,4 faizə çatıb. 100 faiz qatarın tam dolu olması, 150 faizdən yuxarı göstərici isə sərnişinlərin bir-birinə sıx şəkildə dayanması kimi izah olunur.

Londonda isə sərnişin axınının idarə olunması üçün daha çox stansiyaların özündə tətbiq edilən operativ tədbirlərdən istifadə olunur. Sıxlıq yarandıqda girişlərə nəzarət, eskalatorların hərəkət istiqamətinin müvəqqəti dəyişdirilməsi və sərnişin axınının müxtəlif girişlərə yönləndirilməsi kimi üsullar tətbiq edilir.

Böyük Britaniyada isə dəmir yolu şirkətlərindən sərnişin sayı və qatarların tutumu ilə bağlı məlumatlar toplanır. Bu məlumatlar qatarların hərəkət cədvəllərinin, vaqon sayının və gələcək nəqliyyat layihələrinin planlaşdırılmasında istifadə olunur.

Dünya təcrübəsi göstərir ki, sərnişin sıxlığının azaldılması yalnız əlavə qatarların xəttə buraxılması ilə məhdudlaşmır. Qatarların hərəkət intervalının optimallaşdırılması, real vaxtda sərnişin axınının izlənməsi, siqnalizasiya sistemlərinin təkmilləşdirilməsi və pik saatlarda sərnişin axınının idarə edilməsi də əsas mexanizmlər sırasındadır.

Bakı-Sumqayıt istiqamətində sərnişin tələbatının artması fonunda isə əsas sual səhər saatlarında yaranan sıxlığın qarşısını almaq üçün əlavə reyslərin kifayət edib-etməməsidir. Xüsusilə tədris ilinin başlaması ilə sərnişin sayının artacağı əvvəlcədən məlum olduğundan, xətt üzrə pik saatlarda nəqliyyat imkanlarının tələbatla necə uyğunlaşdırılacağı diqqət çəkir.(Azxeber.com)

Mənbə: pravda.az