Azərbaycanda bu banklar BAĞLANACAQ? - SİYAHI/ İDDİA

Azərbaycanda bu banklar BAĞLANACAQ? - SİYAHI/ İDDİA

Məlum olduğu kimi, son illər Azərbaycanda bağalanan bankların sayı artıb. Son 3 ildə 7 bankın lisenziyası ləğv olunub. 2023-cü ildə Mərkəzi Bank tərəfindən 2 bank – “Günay Bank” ASC və “Muğanbank” ASC bağlanıb. Bankların 2023-cü il üçün açıqladığı maliyyə hesabatlarına baxdığımız zaman belə görünür ki, hazırda bağlanma təhlükəsiylə qarşı-qarşıya qalan əsas bank “Bank BTB” hesab olunur.

Məlum olduğu kimi, ötən il “Günay” və “Muğan Bank”ın bağlanması cəmiyyət arasında bir qədər narahatlıq hissi yaradıb. Təbii ki, bu bankların fəaliyyətlərini dayandırması əhali arasında təşviş yaratdı. Bu baxımdan vətəndaşlar kreditlərin ödənilməsi, o cümlədən əmanətlərin qorunması baxımından banklara etibar etmir.

Hazırda Azərbaycanda 2 dövlət bankı və 21 kommersiya bankı fəaliyyət göstərir.

Bəs Azərbaycanda hansı banklar bağlanma təhlükəsi ilə üz-üzədir?

Bəzi maliyyə göstəriciləri pisləşən banklardan “Premium Bank” ASC və “Bank BTB” ASC ilk sıralarda qərarlaşıb. “Premium Bank” ASC 2022-ci illə müqayisədə 2023-cü ildə mənfəətini artırsa da, bu bankın depozit portfelində kəskin azalma olub. Belə ki, 2023-cü il ərzində bankda hüquqi şəxslərin depozitləri 29 milyon 914 min manat, fiziki şəxslərin depozitləri isə 9 milyon 806 min manat azalıb. Eyni zamanda ötən il “Premium Bank” ASC-nin aktivləri 7 milyon 86 min manat azalıb.

“Bank BTB” yeganə bankdır ki, son 4 ilin 3-nü zərərlə başa vurub. Bundan başqa, 2023-cü ildə “Bank BTB”də müştərilərin tələbli depozitlərinin həcmi 6 milyon 491 manat və ya 2022-ci illə müqayisədə 39% azalıb.

Məsələ ilə bağlı danışan iqtisadçı-ekspert Akif Nəsrli Referans.az-a bildirib ki, vətəndaşlar bank seçərəkən Mərkəzi Bankın rəsmi saytında hesabatlarla tanış olmalıdırlar:

“Vətəndaşlar bu sayədə kommersiya banklarının hansı vəziyyətdə, necə olduğunu daha aydın və net şəkildə görə bilərlər. Hər bir bankın bağlanmasının əsas səbəbi müflisləşməsidir. Hər bir halda vətəndaşlar yatırım və ya depozit etdikləri bankın maliyyə hesabatının hansı vəziyyətdə olduğunu bilməlidir. Hər ay ölkədə fəaliyyət göstərən kommersiya bankları Mərkəzi Banka aylıq hesabat verir. Müəmmallı məsələ isə buradadır ki, bu günə qədər bağlanan bankların heç birinin hesabatlarında bağlandığı günə qədər hər hansısa bir problem olmayıb. Bu sahədə bəzi yeniliklərə ehtiyac var”.

Ekspert deyib ki, Mərkəzi Bank hər bir kommersiya bankının real vəziyyətini əks etdirən hesabat qəbul etməlidir. Onun sözlərinə görə, vətəndaş banka yatırım etdiyi zaman həmin hesabatlara və statistikaya baxmalıdır: “Artıq 2024-cü ilin əvvəlindən müşahidələr göstərir ki, bu sahəyə nəzarət gücləndirilib və ciddi nəzarət olunur. Görünür ki, artıq bəzi banklar müflisləşməyə yaxındır. Mərkəzi Bank qəbul etdiyi hesabatlarda qismən reallığı əks etdirən məqamlar var. İstənilən halda vətəndaş yatırım etdiyi bankın etibarlı və müflisləşmə riskinin az olduğunu bilməlidir”.

Akif Nəsrli əlavə edib ki, bu ilin əvvəlindən verilən hesabatlardan bəzi bankların artıq yavaş-yavaş maliyyə sıxıntısı ilə üzləşdiyini görə bilərik. Bu onun mütləq bağlanacağı mənasına gəlmir, amma hər bir halda ehtiyyatlı olmaqda fayda var.

Mənbə: yenisabah.az