Bununla bağlı çevik mexanizm yaradılır

Bununla bağlı çevik mexanizm yaradılır

Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizmi yaradılır.

Bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Torpaq Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Belə ki, təklif olunan dəyişikliyə əsasən, torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını dəyişdirmək imkanı əldə edəcəklər. Həmçinin onların müraciəti əsasında bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təmin ediləcək. Kənd təsərrüfatı təyinatlı torpaqların kateqoriyası daxilində (kateqoriyası gözlənilməklə) onların məqsədli təyinatının dəyişdirilməsi istehsalçıların mülkiyyətlərində (istifadəsində) olan kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadəsinin səmərəliliyini yüksəldəcək, bu sahədə daha çevik mexanizmin yaradılması təmin ediləcək, həmçinin reyestrdə qeydiyyatın aparılması ilə aidiyyəti orqanların əkinlər (əkin altında olan torpaqların təyinatı) barədə məlumatlılıq səviyyəsi yüksəldiləcək.

Qeyd etmək lazımdır ki, hazırda kənd təsərrüfatı yerlərindən birindən digərinə dəyişiklik etmək mürəkkəb bir mexanizmə tabe olduğundan mülkiyyətçilərin təsərrüfat fəaliyyətində tətbiqi çətinllik yaradır. Təklif olunan tənzimləmə torpaq istifadəçiləri üçün bu mexanizmi daha dəqiq tənzimləyir, torpaq balansının dürüst məlumatlara sahib olmasını təmin etmək üçün isə bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrinə daxil edilməsi şərtini müəyyən edir.

Zaur Mirzə

Mənbə: qafqazinfo.az