Hansı qurumlar büdcədən ayrılan pulu tam xərcləməyiblər? - AÇIQLAMA

Hansı qurumlar büdcədən ayrılan pulu tam xərcləməyiblər? - AÇIQLAMA

Dövlət büdcəsinin icrasına daxil edilmiş minimum 1 milyard manatdan çox vəsait bank hesablarında istifadəsiz saxlanılıb.

Hesablama Palatasından bildirilib ki, qeyd olunan göstərici seçmə qaydada yalnız analitik prosedurlarla müəyyən edilib. Bu isə bank hesablarında qalan həmin vəsaitlərin daha çox ola biləcəyini deməyə əsas verir. Dövlət vəsaitlərini hansı qurumların istifadəsiz saxladığına gəlincə, bunlar "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" Məhdud Məsuliyyətli Cəmiyyəti, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumu, Geoloji Kəşfiyyat Agentliyi, "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti, Səhiyyə Nazirliyi, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, Xarici İşlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeli qurumu, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və digərləridir.

Hesablama Palatasının apardığı təhlillərlə bank hesablarındakı qalıqların bir hissəsinin 8-dən çox publik hüquqi şəxs, dövlət mülkiyyətində olan 4-dən çox müəssisə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, hüquq-mühafizə sahəsində fəaliyyət göstərən qurumlara aid olduğu müəyyən edilib.

İqtisadçı Xalid Kərimli deyir ki, buna səbəb qurumların vəsaitlərin əldə olunmasında qarşılaşdıqları çətinliklərdir.

Ekspert hesab edir ki, problemin həlli üçün mövcud maliyyələşdirmə sisteminin təkmilləşdirilməsinə ehtiyac var. Hesablama Palatasından isə bildirilib ki, 2023-cü ilin dövlət büdcəsinin icrasına aid edilən vəsaitlərin bir hissəsi növbəti ildə, yəni qurum tərəfindən rəyin hazırlandığı dövrdə də istifadə edilməyib.

Daha ətraflı Baku TV-nin materialında:

Mənbə: oxu.az