Maliyyə və kapital amnistiyası niyə gecikir? - GƏLİŞMƏ

Maliyyə və kapital amnistiyası niyə gecikir? - GƏLİŞMƏ


Azərbaycanda investisiya qoyuluşunun artırılması və ölkədən maliyyə axınlarının qarşısının alınması məqsədilə kapital və maliyyə amnistiyasının verilməsi nəzərdə tutulur. Bununla bağlı hökumətdə işçi qrup da fəaliyyət göstərir. Amma hələlik işçi qrup ortaya konkret layihə qoymayıb. Son məlumata görə amnistiyanın hansı səviyyədə və nə şəkildə olacağı müzakirə mərhələsindədir.
Sfera.az bildirir ki, bu prosesin tezləşdirilməsinin Azərbaycana böyük faydaları olacaq. İnkişaf etməkdə olan digər ölkələrin təcrübəsi göstərir ki, gizli iqtisadiyyatla mübarizə sahəsində səmərəliliyin əldə edilməsi üçün əmlak və kapital amnistiyasının olması zəruridir.
Maliyyə amnistisiyası bir qayda olaraq kapital hərəkəti və vergi borcları ilə bağlı olur. Bu cür amnistiyalar əvvəllər gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilən gəlirlərin tam və ya qismən leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsi, ölkə ərazisindən çıxarılaraq xarici banklarda və şirkətlərdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılması və əvvəllər yaranan vergi-borc öhdəliklərinin bağışlanması üçün iqtisadi şəraitin yaradılması yönəldilın tədbirləri əhatə edir.
Təcrübədə kapital amnistiyalarının əhatə dairəsinə görə tam və ya qismən həyata keçirilməsi var. Tam amnistiya iqtisadiyyatın bütün sahələrində və hər növ əməliyyatlara şamil edilir. Həmçinin bu zaman amnistiya kriminal iqtisadi fəaliyyətlərdən əldə edilən gəlirləri də əhatə edir. Qismən amnistiya isə subyektlər üzrə, həmçinin iqtisadiyyatın bu və ya digər sahələrində seçmə yolla həyata keçirilir.
Əmlak və kapital aministiyası təcrübəsindən həm inkişaf etmiş ölkələr, həm də inkişaf etməkdə olan ölkələr istifadə edib. Amma bu təcrübə hər bir ölkənin xüsusiyyətlərinə görə fərqlənir. İnkişaf etmiş ölkələrdə gizli iqtisadiyyat kütləvi xarakter daşımadığından, əsasən vergidənyayınma formasında maliyyə amnistiyaları verilir. İnkişaf etməkdə olan ölkələrdə, xüsusilə keçmiş sovet respublikalarında gizli iqtisadiyyatın bütün formalarına rast gəlindiyindən bu tipli amnistiyalarda vergilərlə yanaşı, əmlakı, gəliri, fəaliyyət subyektlərini və.s. əhatə edir.
Təcrübə göstərir ki, kapital amnistisiyası faydalıdır. Bu tədbirlərdən sonra gizli iqtisadiyyatın leqallaşdırılması, vergitutma bazasının genişləndirilməsi və vergi gəlirlərinin artırılması, makroiqtisdi göstəricilərin yaxşılaşdırılması, iqtsadiyyata əlavə investisiya cəlb edilməsi, kapitalın xaricə axınının qarşısının alınması və ölkədən çıxarılan kapitalın repatriasiyası və s. istiqamətdə böyük fayda verib.
Azərbaycana yaxın ölkələrdən Rusiyada hazırda kapital amnistiyası tətbiq olunur. Şimal qonşumuz ilk kapital amnistiyasını 2015-ci ildə elan edib. Həmin ilin 1 iyunundan 2016-cı ilin 30 iyununadək vergi orqanları tərəfindən xaricdə aktivləri (bank hesabları, qiymətli kağızlar və biznes) olan 7200 rusiyalıdan deklarasiya qəbul edilib. 2019-cu ilin martın 1-dən etibarən Rusiyada kapital amnistiyasının bir il davam edəcək 3-cü mərhələsi start götürüb. Onun əvvəlki iki amnistiyadan əsas fərqi xaricdəki kapitalın Rusiyaya gətirilməsi şərtinin qoyulmasıdır.
Xatırladaq ki, ölkəmizdə amnistiyanın bir forması tətbiq edilib. Belə ki, 2019-cu ildən Vergilər Nazirliyi tərəfindən fərdi müraciətlər əsasında vergi amnistiyasının tətbiq edilib. Fəaliyyəti olan, amma dövriyyəsini, sərmayəsini dəqiq göstərməyən sahibkarlar müraciət etməklə vergi amnistiyası qazana bilər. Vergi sahəsində maliyyə amnistiyası nəzərdə tutulur. Bəzi sahibkarlar əvvəllər əsas vəsaitlərini tam göstərmirdilər. Məsələn, biri sex açıb və ya bina tikib, amma bütün işlər qeyri-rəsmi aparılıb. Hazırda tikdikləri obyekti hotel kimi, bina kimi icarəyə verir. Yaxud avadanlıq gətirilib quraşdırılıb və istehsal prosesində istifadə edirlər. Amma həmin avadanlıq uçotda yoxdur. Bunların amnistiyasından söhbət gedir. Şirkətlərə təklif edilir ki, onlar öz vəsaitlərini dəqiq göstərsinlər.
Vergi amnistiyanın iqtisadi əhəmiyyəti böyükdür. Bu amnistiyanın iqtisadi əhəmiyyəti odur ki, qeydiyyatda olmayan avadanlıqlardan istifadə nəticəsində istehsal edilən və ya xidmət göstərilən məhsulların uçotu həyata keçirilir. Bu halda vergi tutulan dövriyyə artır və gizli iqtisadiyyat daralır. Amnistiya tətbiq edilmədikdə isə sahibkarın həmin fəaliyyəti gizli iqtisadiyyatın bir hissəsi kimi qalır.
Kapital amnistiyasının da əhəmiyyəti böyükdür. Kapital amnistiyası nəticəsində leqallaşan kapital ölkədə investiya qoyuluşunun artımı, qiymətli kağızlar bazarının inkişafı, bank sektorunda canlanma, nağdsız dövriyyənin böyüməsi, büdcə gəlirlərinin artması və iqtisadi fəallığın yüksəlməsi ilə nəticələnə bilər. Bunun üçün amnistiyanın forması, şərtləri, müddəti, məqsədləri, əhatəsi müəyyənləşdirilməli və ən əsası qarşılıqlı etimad mühiti təmin olunmalıdır. Kapital və gəlir amnistiyası elə həyata keçirilməldir ki, deklarasiya olunan vəsaitin həm də sərmayə kimi yatırılması imkanları olsun. Məsələn, deklarasiya olunan kapitalın hazırda tikintiyə istiqamətlənməsi daha çox multiplikativ effekt yaratmaq gücündədir.

Mənbə: www.dia.az