"Bankların dollara təlabatı azalıb" – İqtisadçı

"Bankların dollara təlabatı azalıb" – İqtisadçı

"Ötən gün Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 200 milyon manata qarşı 189 milyon manat olub. Depozitlərin orta illik faiz dərəcəsi isə 6,96 faiz təşkil edib. Tələbin təklifdən az olması sonuncu dəfə 2018-ci ilin yanvarında qeydə alınmışdı. Əvvəlki hərracda isə təklif tələbə yaxın olub - 200 milyon manata qarşı 200,5 milyon manat".

Cebhe.info xəbər verir ki, bunu iqtisadçı-ekspert Samir Əliyev deyib.

O bildirib ki, bankların dollara təlabatı azalıb:

"Dünən isə valyuta hərracında satılan valyutanın həcmi 95,6 milyon dollar həddində olub. Qeyd edim ki, son 4 hərracda valyutaya tələb azalma tendensiyası göstərir. Martın 13-də keçirilmiş hərracda 265,2 milyon dollar olduğu halda martın 17-də 250,2 milyona, martın 19-da 243,7 milyona, martın 29-da isə 106,5 milyona düşüb. Mart ayının 9-dan sonra keçirilmiş 8 hərracda ümumilikdə 1,66 milyard dollar satılıb. Bu isə təxminən 2,8 milyard manat ekvivalentindədir.

Göründüyü kimi banklarda dollara tələbat azalıb. Bunun səbəbi əlbəttə ki, əhali tərəfindən dollara ehtiyacın azalmasıdır. Neft Fondu bazarda dollar təminatı üçün özünün 3 aylıq normasını 20 gündə satmalı olub. Ona görə aprel və may ayları satışın həcmini azaltmalıdır ki, artıq satışı müəyyən qədər kompensasiya edə bilsin.

Mərkəzi Bank izafi pul təklifinin sterilizasiyasını, yəni manatın müəyyən hissəsinin dövriyyədən çıxarılması yolu ilə depozit və qısamüddətli notların yerləşdirilməsi üzrə əməliyyatlar həyata keçirir. Mart ayında deposit hərracları vasitəsilə dövriyyədən 600 milyon manat yığılıb. Bundan savayı Mərkəzi Bankının mart ayında qısamüddətli notlarının yerləşdirilməsi üzrə keçirilmiş yeganə hərracdan (başqa hərraclar barədə məlumat yoxdur) 50 milyon manat cəlb edə bilib. Beləliklə, Mərkəzi Bank deposit və qiymətli kağız hərracları vasitəsilə dövriyyədən 650 milyon manat yığıb.

İllik faiz dərəcəsinin artmasına rəğmən bankların deposit hərraclarında iştirak marağı azalıb. Ölkədə manat qıtlığı hiss olunmağa başlayıb. Gəlirlərin azalması, işlərin dayanması fonunda mart ayında əhali tərəfindən alınmış dollarların bir hissəsinin geri qayıtma prosesi baş verə bilər. Digər tərəfdən həm müəssisələr, həm də əhali tərəfindən depozitlərin banklardan geri çəkilməsi başlaya bilər. Bütün bunlar manata tələbatı artıra bilər. Hətta hökumətin apreldə verilməsi nəzərdə tutulan 2,5 milyard manatlıq paketinin də manata təzyiq gücü az olacaq".

Vilayət Muxtar
Cebhe.info

 

 

 

Mənbə: cebhe.info