Sahibkarlara 500 milyon manat kreditin 60 faizinə dövlət təminatı verilməsi nə deməkdir...

Sahibkarlara 500 milyon manat kreditin 60 faizinə dövlət təminatı verilməsi nə deməkdir...

Fikrət Yusifov: “Sahibkar gedib bankdan öz biznesi üçün 100 min manat kredit götürsə, həmin kreditin müddəti 3 ildən az olmayacaq”

“Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli, 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə Baş nazir sərəncam imzalayıb.

Tədbirlər Planı, ümumilikdə, üç istiqaməti - iqtisadi artıma və sahibkarlığa dəstəyi, məşğulluq və sosial rifaha dəstəyi, makroiqtisadi və maliyyə sabitliyini əhatə edir.

Koronavirusun təsirinin azaldılması məqsədilə hazırlanan proqramda o da qeyd edilib ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni ayrılan 500 milyon manat həcmində kreditlərin 60 faizinə dövlət zəmanəti veriləcək.

Ümumilikdə, koronavirusa görə sahibkarlara ayrılan 500 milyon manat kreditin 60 faizinin dövlət zəmanəti ilə verilməsi nə deməkdir?

“Götürülən kreditin 60 faizinə dövlət zamin duracaq”

Sözügedən məsələyə aydınlıq gətirən iqtisad elmləri doktoru Fikrət Yusifov bununla bağlı bir sıra məqamlara toxundu: “Bu o deməkdir ki, məsələn, sahibkar gedib bankdan öz biznesi üçün 100 min manat kredit götürsə, həmin kreditin müddəti 3 ildən az olmayacaq. İkincisi, həmin kreditin illik faizi 15-dən çox olmayacaq. Eyni zamanda, həmin faizin də yarısını dövlət öz büdcəsindən verəcək. Bununla belə, götürülən kreditin 60 faizinə dövlət zamin duracaq. Adətən kredit götürüləndə girov tələb olunur, kimsə zamin durmalıdır. Ancaq sözügedən məqsədlə verilən kreditlərə dövlət zamin duracaq. Yəni götürülən kreditin 60 faizinə dövlət özü zəmanət verəcək. Ümumi olaraq bu güzəştin bir sıra üstünlükləri var. Məsələ ondadır ki, adi halda banklar 3 il müddətinə illik 15 faizlə kredit vermirlər. Ən yaxşı halda krediti 2 ilə verirlər. Özü də bundan yüksək faizlə. Ancaq indiki halda belə kreditlərin müddəti 3 ildən az olmayacaq. Bu da sahibkar üçün çox böyük üstünlük deməkdir. İkincisi, sözügedən kreditin faizinin yarısının dövlət tərəfindən ödənilməsi sahibkara böyük köməkdir. Üçüncüsü, girov qoyulmasına ehtiyac olmayacaq. Bütün bunlar, nəticə etibarilə sahibkarlar üçün böyük üstünlüklər vəd edir”.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com