“AGAS Group” MMC Hacıqabul Sənaye Parkında 2,5 MVt-lıq günəş elektrik stansiyası (GES) quracaq.
"Report" bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinə (İZİA) istinadən xəbər verir.
Məlumata görə, müəssisəyə Sənaye Parkında rezidentlik verilib. Bununla da Sənaye Parkının rezidentlərinin sayı 12-yə çatıb.
Layihənin həyata keçirilməsi ilə Sənaye Parkının enerji təminatının bir hissəsi alternativ və bərpa olunan enerji mənbələrinin hesabına ödəniləcək. Rezidenti 1,4 milyon manatdan çox investisiya yatıracaq, 5 nəfər daimi işlə təmin olunacaq.
Xatırladaq ki, ötən ilin avqust ayında İZİA ilə Azərbaycanda alternativ enerji stansiyalarının qurulması ilə ixtisaslaşan “AGAS Group” MMC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumu İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov və “AGAS Group” MMC-nin direktoru İlkin Quliyev imzalayıblar.
Mənbə: report.az