“Yeni qanunun qəbulunda məqsəd istilik enerjisinin istehsalından, paylanmasından, satışından və istehlakından irəli gələn iqtisadi münasibətlərin hüquqi əsaslarını tənzimləməkdir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“Eləcə də, bu qanunla istilik təchizatı sahəsinin tənzimlənməsində dövlət orqanlarının və tənzimləyicinin səlahiyyətləri, istilik təchizatı subyektlərinin hüquq və vəzifələri müəyyən ediləcək. Digər tərəfdən isə düşünürəm ki, qanunun qəbulu gələcəkdə istehlakçıların istilik enerjisi təchizatının keyfiyyətini də yüksəldəcək.
Bu qanun yeni tikilən çoxmənzilli binaların da istilik təchizatı ilə üzləşdiyi problemlərin həllinə kömək edəcək. Ən əsas məqamlardan biri də odur ki, bu qanunun enerji təhlükəsizliyinin təmin edilməsi, xüsusilə ətraf mühitə zərər vurulmaması istiqamətində böyük təsiri olacaq. Bilirsiniz ki, Azərbaycan ətraf mühitin, ekologiyanın qorunması üçün fəal mübarizə aparan ölkələrdən biridir. Ötən il ölkəmizdə COP29-un keçirilməsi də bunu təsdiqlədi. Ona görə də, düşünürəm ki, yeni qanun istehlakçıların etibarlı və təhlükəsiz enerji ilə təchiz edilməsi kimi vacib vəzifələrin yerinə yetirilməsi üçün mühüm hüquqi baza olacaq”, - deyə deputat bildirib.
Nuranə Daxilqızı
Mənbə: qafqazinfo.az