Abituriyentlər və onların valideynləri bu günlərdə ali təhsil müəssisələrinə qəbulla bağlı əsas suallara cavab axtarırlar. Cari qəbul ilində ixtisaslar üzrə keçid ballarının necə formalaşacağı, ümumi qəbul prosesi və təhsil müəssisələrinin mövcud vəziyyəti bu məsələlərdə ən çox maraq doğuran mövzulardır. Hər il olduğu kimi, bu il də müxtəlif ixtisaslar üzrə tələb olunan keçid ballarının dəyişməsi gözlənilir, bu da abituriyentlər üçün vacib qərarların verilməsində mühüm rol oynayacaq.
Bəs hansı ixtisasların keçid balı aşağı düşəcək?
Mövzu ilə bağlı danışan təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi bildirib ki, bu il qəbul imtahanlarının nəticələrinin ötən illərlə müqayisədə daha yüksək olması ixtisasların keçid ballarına təsirsiz ötüşməyəcək.
“Eyni zamanda ali təhsil müəssisələrinə müraciət edənlərin sayı ötən illərlə müqayisədə çoxdur. Bunlarla paralel olaraq bu il plan yerlərində müəyyən qədər - ən azı altmış minin üzəri artım gözlənilir. Bunun təxminən otuz beş faizi sosial statusu olanlar və dövlət tərəfindən sifarişi əsasında ödənişsiz ixtisaslar olacaq. Ümumilikdə birinci ixtisas qrupunda əsasən tədris İngilis dilində olan ixtisasların keçid ballarında müəyyən qədər artım gözlənilir. Həmçinin İnformasiya Təhlükəsizliyi, (İT) kompüter elmləri istiqamətində keçid ballarında müəyyən artımlar ola bilər.
İkinci ixtisas qrupunda əsasən tədris İngilis dilində və Azərbaycan dilində olan maliyə, Beynəlxalq ticarət və logistika, Biznesin idarə edilməsi və iqtisadi ixtisaslarda artımın qeydə alınması mümkündür.
Üçüncü qrupda isə Hüquqşünaslıq, Dövlət və ictimai münasibətlər və Tərcümə ( Koreya, İspan, Çin, Yapon və Erməni) müəyyən qədər artım gözləyirik.
Dördüncü ixtisas qrupuna gəldikdə isə əsasən Stomotologiya, Biotexnologiya, Psixologiya üzrə müəyyən qədər bal artımı gözlənilir. Tibb istiqaməti üzrə bir qədər enmələr ola bilər. Çünki bu il Qarabağ Universitetində də tibb ixtisasları açılacaq. Bu, ümumi plan yerlərinin artımı deməkdir ki, keçid ballarının aşağı enməsi ilə nəticələnə bilər. Ümumilikdə aşağı ballı xüsusilə əmək bazarında daha az tələb olunan ixtisaslar da olacaq. 150 ballıq ixtisasların əksəriyyəti bu kateqoriyaya aiddir”,- deyə o vurğulayıb.
Mənbə: bizim.media