Pandemiyadan sonra turizm: AZAL biletləri ucuzlaşdırır? - “Şirkət qiymətləri o halda salacaq ki...” - AÇIQLAMA

Pandemiyadan sonra turizm: AZAL biletləri ucuzlaşdırır? - “Şirkət qiymətləri o halda salacaq ki...” - AÇIQLAMA

Bir neçə il bundan öncə Gürcüstan dövləti turizmi dirçəltmək üçün hava nəqliyyatında sərnişin daşıma qiymətlərinə yenidən baxdı.

Bazara yeni şirkətlərin buraxılması ilə avia biletlərin qiyməti aşağı endi. Bu isə ölkə turizminin yüksəlişinə şərait yaratdı.

Koronavirus epidemiyasının iqtisadiyyata vurduğu ziyan qeyri-neft sektorunun, özəlliklə də turizmin inkişafını zəruri edir.

Maraqlıdır, Azərbaycan Hava Yolları Şirkəti (AZAL) də post-pandemiyadan sonra turizmi dirçəltmək üçün qiymətləri liberallaşdıra bilərmi?

Cebhe.info-ya açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, qiymət siyasətinin dəyişməsi üçün rəqabətlilik şərtdir, lakin AZAL bazarda hegemon oyunçu olduğu üçün azalma gözlənilmir:

"AZAL-ın qiymət siyasətinə təsir etməsi, qalıcı olması üçün rəqabətlilik şəraitində işləməyi öyrənməlidir. AZAL bazarda hegemon oyunçudur. Azərbaycandan uçan və Azərbaycana uçan şirkətlərin hamısı ilə AZAL birgə reyslər keçirir. Özü birbaşa sərnişindaşımanın 90 faizini, yerdə qalan 10 faizi isə digər şirkətlərlə birgə həyata keçirir. Xarici şirkətlərin birbaşa bazara girməsinə imkan yaradılmır. Yəni, AZAL-ın maraqlarına toxunur deyə, çox zaman o buna imkan vermir. Bunun qarşısını almaq lazımdır. Ölkədə kifayət qədər ciddi xarici şirkətlərin çalışması üçün, birbaşa bazarda iştirak etməsi üçün şərait yaradılmalıdır, oyun qaydaları dəyişməlidir. Bu zaman AZAL məcburən qiymətləri aşağı salacaq".

O, "Aviavsales"in pandemiya dövründə qiymətlərinin 1 dəfədən çox düşdüyünü və bunun qiymət azalmalarına təsir göstərəcəyini deyib:

"Onsuz da pandemiyadan sonra uçuşların hansı formada həyata keçiriləcəyi hələ də sual altındadır. Amma ən azından onu deməyə əsas var ki, "Aviavsales"in qiymətləri 2 dəfədən çox aşağı düşüb. Bu da uçuş qiymətlərinin azalmasında mühüm rol oynayacaq əsas amillərdən biridir. Buna görə də qiymətlərin aşağı düşməsi ehtimalı çox yüksəkdir ki, aviaşirkətlər ayaqda qala və fəaliyyətlərini davam etdirə bilsinlər. AZAL da qiymətləri o halda salacaq ki, bazarda rəqibi olsun. Rəqibi olmasa, bazarda hegemonluğu davam etsə, niyə aşağı salsın? Onsuz da seçim imkanları məhduddursa, uçmaq istəyən adam AZAL-la uçacaq. Bu məcburiyyəti aradan qaldırmaq üçün başqa şirkətlərin ölkəyə daxil olmasına, rəqabətli şəraitdə fəaliyyət göstərməsinə imkan yaradılmalıdır. Bu zaman AZAL da öz addımlarına düzən gətirəcək. Öz addımlarını bazardakı vəziyyətə görə atacaq. Qiymət siyasətini buna görə müəyyənləşdirəcək. İndiki şəraitdə açığı AZAL-ın öz xoşu ilə qiymət azalmasına gedəcəyi o qədər də inandırıcı görünmür".

Naibə
Cebhe.info

Mənbə: cebhe.info