SOCAR-ın Kompleks Qazma İşləri Trestinin kollektivi yeni uğura imza atıb

SOCAR-ın Kompleks Qazma İşləri Trestinin kollektivi yeni uğura imza atıb

Son illər istehsalat prosesində yeni texnika və mütərəqqi texnologiyaların uğurlu tətbiqi SOCAR-ın Kompleks Qazma İşləri Trestinin kollektivinə qazma işlərini uğurla davam etdirməyə və qarşıya qoyulmuş bütün tapşırıqlara əməl etməyə imkan yaradır. Qazma işləri təhlükəsizlik qaydalarına tam riayət edilməklə, ətraf mühitə ziyan vurmamaqla dünya standartlarına uyğun həyata keçirilir.

Müstəqillik dövründə milli neft sənayemizin parlaq səhifələrindən olan “Ümid” yatağını kəşf edən quyu da məhz Kompleks Qazma İşləri Trestinin kollektivi tərəfindən qazılmışdır. Bütövlükdə isə ötən müddətdə qazmaçılar “Qoşadaş”, “Ələt-dəniz”, “Ağburun”, “Qum adası”, “Cahandar”, “Türkan”, “Bəyimdağ-Təkçay”, “Pirallahı adası”, ”Böyük­düz”, “Şimali Şıxıqaya”, “Tumbul”, “Eldaroyuğu”, “Muradxanlı”,“Bulla-dəniz”, “Günəşli”, “Neft Daşları”, “Çilov”, “Qərbi Abşeron” və “Darvin Bankası” yataqlarında yüksək geolo­ji-texnoloji nəticələrə imza atmışlar.

“Bulla-dəniz” sahəsində 12 nömrəli dəniz stasionar özülündən strukturun şimal-şərq qanadında I tektonik blokun geoloji quruluşu­nu, məhsuldar qatın VIII horizon­tunun litofasial xüsusiyyətlərini, neft-qazlılığını müəyyənləşdirmək və qiymətləndirmək üçün layihələndirilmiş 91 nömrəli kəşfiyyat quyusu əldə olunmuş uğurlu nəticə isə qazmaçıların növbəti uğuru kimi dəyərləndirilə bilər. Xatırladaq ki, bu il mayın 13-də 139,7 x 168,3 x 177,8 mm-lik istismar kəməri 574 atmosfer təzyiqdə kipliyə yoxlanılmış və quyu qazmadan qurtarmışdır. Ötən müddətdə quyuda 5523-5608 metr aralığında perforasiya işləri uğurla tamamlanmışdır. Mayın 26-da mədənçilərə təhvil verilmiş 91 nömrəli kəşfiyyat quyusu məhsuldarlığı ilə də seçilir: quyudan sutka ərzində 420 min kubmetr qaz və 163 ton konden­sat çıxarılacaqdır ki, bu da yüksək hasilat göstəricisidir.

“Bulla-dəniz” yatağı Bakı arxi­pelağında kəşf olunmuş yataqlar içərisində karbohidrogen zənginliyi və gələcək axtarış-kəşfiyyat işlərinin perspektivliyi baxımından mühüm əhəmiyyət kəsb edən çox mürəkkəb geoloji-tektonik quruluşa və hidro­dinamiki şəraitə malikdir. Burada karbohidrogen ehtiyatlarının toplan­dığı məhsuldar qat çöküntülərinin yer təkinin çox dərinliklərində yerləşməsi, anomal yüksək lay və məsamə təzyiqlərinin mövcudluğu, qazma prosesinin aparılmasında mühüm rol oynayan qazma məhlulunun ekviva­lent sıxlıq pəncərəsinin dar olması, stratiqrafik kəsilişində böyük sərtliyə malik süxurların yerləşməsi, az dayanıqlı və dəyanətsiz təbəqələrinə rast gəlinməsi qazma işlərinin daha da mürəkkəb şəraitdə aparılmasına gətirib çıxarır.

“Bulla-dəniz” yatağında qaz­ma işlərinin asanlaşdırılması və keyfiyyətlə başa çatdırılması üçün ABŞ və Çin Xalq Respublikasından ən müasir texniki-texnoloji tələblərə cavab verən, dünya qazmaçıları­nın son nailiyyətlərindən olan qur­ğu və avadanlıqlar alınmışdır. 12 nömrəli özüldən qazılan 91 nömrəli kəşfiyyat quyusunda qazma işləri də məhz “Top Drive” mexanizmi ilə təchiz olunmuş, böyük yük qaldırma qabiliyyətinə malik ZJ 70 DBS qazma qurğusu ilə qazma işləri həyata keçirilmişdir. Həmçinin bu quyuda ən müasir qazma alətinin tutulma ehtimalı minimum olan karbohid­rogen əsaslı qazma məhlulundan, qazma vaxtı quyu lüləsinin əyriliyinə və stratiqrafik kəsilişə nəzarət edən LWD/MWD telemetrik ölçü cihazlarından, litoloji kəsilişə uyğun yüksək texniki göstəricilərə malik və beynəlxalq standartlara cavab verən PDC tipli baltalarla yığılmış QKAH-dan, qazmaya geoloji-tex­noloji nəzarəti həyata keçirən DNV serifikatlı Shenkay firmasının isteh­salı olan SK-CMS geoloji texnoloji nəzarət stansiyasından və FİD xromotoqrafdan istifadə olunmuşdur. Qazma prosesində udulmanın qar­şısını almaq və həmçinin ekvivalent dövran sıxlığını minimuma endirmək məqsədilə qazma məhluluna müntəzəm surətdə müxtəlif inert doldurucular əlavə edilmiş, qazma məhlulunun reoloji parametrlərinə ciddi nəzarət edilmişdir. Dünyanın geoloji cəhətdən nadir hallarda rast gəlinən çox mürəkkəb yataqlarında qazma məhlulunun ekvivalent sıxlıq pəncərəsinin dar olması şəraitində istifadə edilən “MPD” qazma vaxtı təzyiqlərin idarə edilməsi sistemi Azərbaycan qazmaçıları tərəfindən milli sektorda ilk dəfə olaraq məhz 91 nömrəli kəşfiyyat quyusunda tətbiq edilmişdir. MPD texnologiyasının istifadəsi həmin quyuda nəinki baş verə biləcək mürəkkəbləşmələrdən sığortalanmağa, həmçinin qazma işlərində yüksək kommersiya sürətinə və maliyyə xərclərinin azaldılmasına imkan vermişdir.

Sözügedən resurslardan düz­gün istifadə olunması, qurğuda çalışan qazma briqadası üzvlərinin peşəkarlığı, trestin mühəndis-texniki heyətinin qazma prosesinə ciddi nəzarət etməsi və ekstremal şəraitdə vaxtında dəqiq qərarların verilməsi nəticəsində 6703 metr dərinliyə kimi qazılmış 91 nömrəli quyuda qrafikdə nəzərdə tutulmuş bütün tədbirləri uğurla yerinə yetirmək mümkün olmuşdur. Belə ki, ilkin olaraq 339,7 mm diametrli aralıq kəmər (535.7 ton) bir əməliyyatla 5000 metr dərinliyə endirilərək sementlənmiş, son­ra 254 mm diametrli aralıq kəmər (598.68 ton) bir əməliyyatla 5855 metr dərinliyə endirilmiş və kəmər arxası sementlənmişdir. Bunun da nəticəsində quyunun qazma xərclərinə və müddətinə ciddi şəklildə qənaət olunmuş, növbəti intervalların qazılması prosesində gözlənilən bir sıra risklər aradan qaldırılmışdır .

Kəşfiyyat quyusunun qazılması zamanı qarşıya qoyulmuş başlıca vəzifələrindən biri də qazma zamanı bir sıra geoloji-geofiziki tədqiqatların aparılması ilə yatağın geoloji-litoloji quruluşunun dəqiqləşdirilməsi ilə bağ­lı olmuşdur. Kompleks Qazma İşləri Trestinin qazmaçıları bu istiqamətdə də uğur estafetini qoruyub saxlaya bilmiş, layihədə nəzərdə tutulmuş geoloji-geofiziki tədqiqat işlərinin çox mürəkkəb geoloji şəraitdə dəqiqliklə və uğurla həyata keçirilməsinə nail olmuşlar. Belə ki, təsdiqlənmiş iş planlarına uyğun olaraq məhsuldar qatın VII horizontundan “Azlab” MMC-nin mühəndis texniki xidməti ilə birlikdə 6075-6084 metr intervalında 8,5 metr uzunluğunda və 6165-6174 metr intervalında 8,2 metr uzunlu­ğunda kern nümunələri qaldırılmışdır. Hazırda “Azlab” MMC tərəfindən həmin süxur nümunələrinin (kern) laboratoriya analizləri aparılır. Bundan əlavə, dünya şöhrətli “Schlumber­ger” şirkəti tərəfindən açıq quyu lüləsində lay təzyiqinin ölçülməsi, akustik karotaj, neytron məsaməlilik və nüvə-maqnit karotajı işlərinin uğurla həyata keçirilməsinə ciddi nəzarət olunmuşdur. Əldə olunmuş geoloji-geofiziki məlumatlar kəsilişi əks etdirən layların lay təzyiqinin öyrənilməsi, layların kollektorluq və petrofiziki xüsusiyyətlərinin, su-neft, qaz-neft, qaz-su kontaktlarının dəqiqləşdirilməsində mühüm rol oy­nayacaqdır. 91 nömrəli quyudan əldə olunan məlumatlardan gələcəkdə yatağın tammiqyaslı işlənməsi proqramının həyata keçirilməsi, I tektonik blokda layların işlənməsi, modelləşdirilməsi və məhsuldar qatın VIII horizont o cümlədən kəsilişin üstündə yatan məhsuldar layların cari karbohidrogen doyumluluğunun dəqiqləşdirilməsi, növbəti quyuların qazılmasının əsaslandırılması və optimal quyu quruluşlarının seçilməsi, eləcə də quyu lüləsinin sabitliyinin təmin olunmasında əvəzsiz mənbə kimi istifadə ediləcəkdir.

Trestin peşəkar kollektivi digər sahələrdə də əməyin təhlükəsizliyinə və ətraf mühitin mühafizəsinə ciddi əməl etməklə qazma işlərini uğurla davam etdirir. Bütövlükdə isə yeral­tı zənginliyə yol açan qazmaçılar gələcəkdə də müasir avadanlıqlar­dan, qabaqcıl texnika və texnologi­yalardan, innovativ proqramlardan istifadə edərək ölkəmizin dəniz və quru sahələrində axtarış-kəşfiyyat və istismar quyularının uğurla qazılma­sı üçün bütün imkanlarını səfərbər ediblər.

Mənbə: xalqqazeti.com