Koronavirus Azərbaycana nə qədər zərər vurub - GƏLİŞMƏ

Koronavirus Azərbaycana nə qədər zərər vurub - GƏLİŞMƏ

Koronavirus pandemiyası demək olar ki, bütün dünya ölkələrinə zərər vurub. Bu zərərin miqdarı hər bir ölkənin iqtisadiyyatının təsirlənmə dərəcəsi, iqtisadiyyatın özünün həcminə görə fərqlənir. Ümumilikdə bütün dünya ölkələrinin pandemiya üzündən itkilərinin 5-7 trilyon dollar arasında olacağı proqnozlaşdırılır. Eyni zamanda müxtəlif ölkələr üzrə dəyən zərəri ifadə edən rəqəmlər açıqlanır.
Azərbaycanda koronavirus pandemiyası iqtisadiyyata, əhaliyə, dövlətə nə qədər zərər vurub? Hələlik hökumət tərəfindən ölkə üzrə pandemiyanın yaratdığı zərərin həcminə dair hansısa məlumat açıqlanmayıb. Amma müxtəlif istiqamətlərdə açıqlanan bir sıra məlumatlar mövcuddur. Belə ki, martın 19-da prezident İlham Əliyevin imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” sərəncamı ilə biznesin və əhalinin dəstəklənməsi məqsədilə həyata keçiriləcək tədbirlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 1 milyard manat ayrılıb.
Bundan əlavə, pandemiyanın yaratdığı tələb böhranı neftin dünya bazar qiymətlərində kəskin ucuzlaşmaya, həmçinin qiymətli kağızlar bazarında dəyərsizləşməyə səbəb olub. Bu isə Azərbaycanın neft gəlirlərinin toplandığı Dövlət Neft Fondunun vəsaitlərinin 2020-ci ilin yanvar-mart aylarında 2 milyard dollara yaxın azalmasına gətirib çıxarıb. Belə ki, fondun açıqladığı rəsmi məlumatlara əsasən, 2020-ci il yanvarın 1-nə fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 12,48 faiz artaraq 43 milyard 323,3 milyon ABŞ dolları təşkil edib. Aprelin 1-nə isə fondun aktivləri 41 milyard 349,5 milyon ABŞ dolları olub. Bu isə 3 ayda 1 milyard 973,8 milyon dollar azalma deməkdir.
Bu ilin yanvar-aprelində Azərbaycanın ticarət əməliyyatlarının həcmində də ciddi azalma qeydə alınıb. Dövlət Gömrük Komitəsinin açıqladığı məlumata görə, bu dövrdə ticarət əməliyyatları 9 milyard 688 milyon 252 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 951 milyon 129 min dollar və ya 16,8 faiz azdır. Belə ki, ötən ilin ilk 4 ayında Azərbaycandan xaricə mal ixracı 7 milyard 89 milyon 959 min dollar olmuşdu. Bu ilin ilk 4 ayında bu rəqəm 6 milyard 306 milyon 432 min dollara düşüb. İdxal isə 4 milyard 549 milyon 421 min dollardan 3 milyard 381 milyon 819 min dollar qədər geriləyib.
Qeyd edək ki, 2020-ci ilin aprel ayında ixrac 2 milyard 99 milyon 976 min dollar, idxal 744 milyon 469 min dollar, saldo isə 1 milyard 355 milyon 506 min dollar təşkil edib. İdxalın azalması apreldə da davam etmiş karantin rejimi ilə bağlıdır.
Pandemiya son illərdə davamlı artım nümayiş etdirən qeyri-neft sektoru üzrə ixracatda da azalmaya səbəb olub. Belə ki, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-aprel ayları ərzində koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində qeyri-neft sektoru üzrə ixrac 5,8 faiz azalıb.
İqtisadçı-ekspert Natiq Cəfərli hesab edir ki, pandemiyanın Azərbaycan iqtisadiyyatına təsiri barədə daha dəqiq fikri may ayı üzrə rəsmi rəqəmlər açıqlandıqdan sonra yürütmək mümkün olacaq: “Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlar göstərir ki, iqtisadiyyatın daralması ikirəqəmli ola bilər. Lakin rəsmi rəqəmlər açıqlandıqdan sonra dəqiq hesablamalar aparmaq mümkün olacaq. İkirəqəmli daralma həm pandemiya ilə əlaqədardır, həm də neftin qiymətinin ucuzlaşması ilə bağlıdır. Çünki bizdə həm pandemiyaya görə tətbiq olunan sərt karantin rejimində bir çox sahələrdə fəaliyyətlər dayandı, həm də neftin qiymətinin düşməsi nəticəsində məhsul istehsalında dəyər ifadəsində azalma baş verdi. Azərbaycanda Ümumi Daxili Məhsulun həcminə təsir edən əsas göstərici neft ixracıdır. İxrac qiyməti aşağı olduqda, bu, ÜDM-in həcmində özünü büruzə verir”.
Ekspert qeyd edir ki, iqtisadiyyatın daralmasından əlavə, Azərbaycan Dövlət Neft Fondunun aktivləri timsalında da pandemiyadan zərər çəkir: “Fondun investisiya portfelinə daxil olan səhmlərin, qiymətli kağızların dəyərində baş verən dəyişikliklər aktivlərin dəyərinə təsir göstərir. Şübhəsiz ki, bu sahədə də itkilərimiz olacaq”.
“Yeni Müsavat”

Mənbə: www.dia.az