Ailəsində yaşanan problemlər onu rəssam edib, amma bu işdən pul qazanmaq istəmir

Ailəsində yaşanan problemlər onu rəssam edib, amma bu işdən pul qazanmaq istəmir

"İnanıram ki, zəhmət sayəsində biz bu gün bütün dünya rəssamlarının əsərlərindən üstün əsərlər yarada bilərik".

Onu rəssamlığa gətirən səbəb ailəsi ilə bağlı nisgilidir. Söhbət rəssam Fəzail Zəkəriyyədən gedir. Qəhrəmanımız Sputnik Azərbaycan-a danışarkən bildirib ki, ilk rəsmini 4 yaşında çəkib: "O, ailəmlə bağlı idi. Ailəliliklə parka gedirdik. Digər ailələrdən fərqli olaraq, bizdə birlikdə, ailəliklə oturmaq məsələsi müşkül idi. Həmişə parkda, hansısa bir istirahət məkanında birlikdə oturan ailələri görüb köks ötürürdüm, mən də o xoşbəxtliyi yaşamaq istəyirdim. Hər dəfə atamı darta-darta aparırdım ki, "gedək biz də oturaq skamyada". Bu da çox çəkmirdi, qayıdırdıq. Parkda gedəndə boş skamya görürdüm, özümüzü orada təsəvvür edirdim".

Hər şey yaşıl qələmdən və kağız parçasından başlayır: "Bir dəfə 4 yaşımda ağlaya-ağlaya gəldim evə. Bir yaşıl qələm, bir kağız tapdım. Onun üzərinə ağızlar və boş skamya çəkmişdim. Ağızlar getdikcə uzaqlaşırdı. Skamya heç skamyaya oxşamır. İndi onun real formasını çəkməyi düşünürəm. O vaxt uşaq idim, düşündüyümü tam çatdıra bilmirdim".

Yaradıcılığını məktəb illərində də davam etdirir qəhrəmanımız: "Məktəb illərində daha çox dahilərimizin - Şah İsmayıl Xətainin, Səməd Vurğunun, Nizaminin və digərlərinin şəklini çəkirdim, bayramlarda da bayram atributlarını. Məktəb vaxtlarında daha çox məcburiyyətdən çəkirdim. Əsəri çəkirdim, qalib gələndə məktəbin adına çıxırdılar. Düzdür, indi bu, mənim üçün heç bir əhəmiyyət kəsb eləmir. Sadəcə, məktəb illərində məcburiyyət var idi, mənim ixtiyarıma buraxmırdılar deyə, sıxılırdım".

"Rəssamlığa olan sevgimi elə məktəb illərindəcə boğdular" deyən həmsöhbətimiz tamamilə başqa sahəyə - iqtisadiyyata yönəlib. Həm bakalavr, həm də magistr üzrə təhsil alıb. 2-ci kursda oxuyanda "Instagram"da rəssamların rəsmlərini izləyib. Görüb ki, onların işlədikləri elə də əlçatmaz deyil və bunu o özü də edə bilər. Qrup yoldaşları onu "Instagram"da səhifə yaratmağa məcbur ediblər.

Beləliklə o, öz uşaqlıq sevdasına yenidən qovuşur: "Tələbə vaxtı işsiz idim, düşünürdüm ki, sifarişlər qəbul edim, bundan gəlir əldə edim. Belə də oldu. Tələbəlik illərində rəssamlıqdan gəlir əldə etməyə başladım".

Həvəskar rəssam bir müddət bu işdən məvacib qazansa da, sonradan vaz keçib: "3-cü kursda oxuyurdum, bir nəfər sifariş verdi. Mən də neçə müddət üzərində işlədim, sonradan həmin adama zəng etdim ki, gəlib sifarişini götürsün, gəlmədi. Həmin vaxt düşündüm ki, bu, pul qazanılacaq iş deyil. Sifarişi həm də ona görə sevmirəm ki, insan məhdud olur. Onun istədiyini verməlisən, sənin daxili dünyan, düşüncələrin kənarda qalır. Hal-hazırda magistr hazırlığında məntiq, iqtisadiyyat və informasiya müəllimi kimi çalışıram. Gələn sifarişləri tələbələrimə çəkdirirəm, gəlir də onlara qalır. İndi mən sadəcə ürəyimin səsinə qulaq asaraq işləyirəm".

İyul ayında baş verən Tovuz hadisələri dönəmində əksər sənət adamları şəhidlərə həsr olunan əsərlər yaratdılar. Bu hadisələr F.Zəkəriyyəyə də təsir edib. O da şəhidlərə olan mənəvi borcunu ödəməyə çalışıb: "Şəhidlər və onların ailələrinə həsr etdiyim əsəri 1 ay ərzində, gecə-gündüz, dayanmadan işlədim. Müğənni Çingiz Mustafayevin "Vətənim kimiyəm" mahnısından ilhamlanaraq elə əsərin adını da "Vətənim kimiyəm" qoydum. Sanki o ad məni ifadə edir. Ümumiyyətlə, əsərə ad seçmək o qədər də asan deyil. Elə ad seçməlisən ki, tutarlı olsun. Qarabağla bağlı başqa bir əsər də düşünürəm. Onun üzərində daha çox çalışacağam. Çünki, o, daha böyük olacaq".

Əsər, müsahibimizin sözlərinə görə, realizm janrında çəkilib. Amma burada sürrealizmin elementləri də var: "Realizmlə sürrealizmi birləşdirmişəm. İnsanlar real formadadır, fotodakı kimi. Bu, realizmdir. Amma orada fərqli-fərqli kəndir kimi dolanan ayaqqabı ipləri, əsgər çəkmələrindən ağacların, yarpaqların çıxmağı, quşların bir qoldan uçması və s. sürrealizmdir. Bunun da əsas nümayəndəsi Salvador Dalidir. Burada 3 fərqli nüans var. Dünya rəssamları da baxanda, adi insanlar anlamasa da, peşəkar rəssamlar əsərə baxan kimi incəlikləri sezə biləcəklər. Dünya rəssamları bu əsərə baxsalar, çox güman ki, Azərbaycan tarixi ilə maraqlanacaqlar. Saatın əqrəblərindən bucağa qədər mərkəzi nöqtələrini birləşdirəndə 3 bucaq alınır. O xətlərin uzunluğuna və 3 bucağın daxili bucaqlarına qədər hər şey Azərbaycan tarixi ilə bağlıdır. 30-ci illərin soyqırımından tutmuş, fərqli-fərqli illərdə olan müharibələr əks olunub".

Sözügedən əsər rəssama o qədər təsir edib ki, səhhətində bir sıra problemlər baş qaldırıb: "O qədər özümüzlə məşğuluq ki, bu hadisələri unutmuşuq. Unutmaq olmaz. Əsərlərlə çatdırmaq lazımdır. İyulun 18-i başladım. Planlaşdırmışdım ki, maksimum avqustun 8-ə bitər. Səhər başlayırdım, axşam saat 5-ə qədər dayanmadan çəkirdim. Sonra onu telefona çəkib saat 8-ə qədər baxırdım ki, nəyi əlavə edim, nəyi dəyişim. Həmin müddətdə mənim psixologiyama çox pis təsir edirdi. İşlədikcə, özümü pis hiss edirdim. Ona görə də evdəkilər mənə bir neçə gün əsərə yaxınlaşmağa qoymadılar. Ona görə də mənim özüm üçün təyin etdiyim vaxta çatmadı, uzandı bir az".

Əsər izləyicilər tərəfindən rəğbətlə qarşılansa da, rəssam öz əsərindən o qədər də razı deyil: "Bu əsəri çəkməklə sanki bir az rahatlıq tapdım. Təbii ki, hərbiçilərimizin, əsgərlərimizin bizim üçün etdiyinin qarşısında bu, heç nədir. Dəryada bir damladır. Bu əsər yaranmazdan öncəki məni təsəvvür edə bilmirəm. Mənə elə gəlir ki, bu vaxta qədər heç nə eləməmişəm. Hər hansı bir insanın portretini işləyəndə onun yaşadıqlarını düşünürsən. Amma o qədər də məlumatlı olmadığından o, sənə təsir etmir. Amma sözgedən əsərdəki insanların hər birinin yaşadıqlarını biz bilirik. Onların içində ən çox mənə təsir edən Şəhid Elşad Məmmədovun atası Dönməz Məmmədov idi. Onu işləmək mənim üçün çox çətin oldu".

"Bir gün o uşaqlar böyüyəcəklər. Ola bilsin ki, onlarla yolumuz kəsişəcək. Ola bilər ki, onlarla çiyin-çiyinə müəllim işlədik. Bu rəsm qalacaq, amma o uşaqlar dəyişəcək. Mənə elə gəlir ki, Polad Həşimov mənim üzümə baxıb gülümsəyir. Sanki onu işləyəndə özümü tapmış kimi oldum. Əvvəl təkcə əsgər çəkməsini, içində də çiçəklər çəkəcəkdim. Çünki, 2016-cı ildə görmüşdüm, bir ana şəhid oğlunun çəkməsinin içində gül əkmişdi. Bu, məni çox təsirləndirmişdi. İstəyirdim bunu çəkim. Amma Tovuz hadisələri olanda həmin epizodu da "Vətənim kimiyəm"ə qatdım. Bu əsərdə bəzi şəhid övladlarını verməmişəm. Bu da onların qəlbinə toxuna bilər. Düşünürəm ki, növbəti əsərlərimdə onları da əlavə edim", - deyə F.Zəkəriyyə bildirib.

Həvəskar rəssam dünyaca məşhur rəssamların əsərlərini araşdırır: "Mən riyaziyyat müəllimiyəm, məntiqdən də dərs deyirəm. Klassik dünya rəssamlarının əsərlərini araşdırıram. Oradakı riyazi hesablamaları araşdırıram. Hazırda insanlar o əsərləri ilahiləşdirirlər. Sanki onlar insan olmayıblar. Hər şeydən üstün varlıqlar kimi baxırlar. Amma məncə hər şey insanın özündən aslıdır. Biz onları ilahiləşdirib, onlara baxıb onların çəkdiklərini təkrarlamamalıyıq. İndi də fərqli düşüncəli insanlar var, onlar da elə əsərlər yarada bilərlər ki, "Mona Liza"dan da üstün olar. Belə izah edim, Nizami 12-ci əsrdə "Leyli və Məcnun" əsərini yazdı, 16-cı əsrdə Füzuli yenidən o mövzuya qayıtdı. Bəlkə də o dövrdə də Füzulini qınayırdılar ki, "Nizamidən sonra "Leyli və Məcnun"a qayıtmağa nə ehtiyac var?" Danışdığım bəlkə də sizə lovğalıq kimi görünə bilər. Amma mən həmişə zəhmətə inanmışam. İnanıram ki, zəhmət sayəsində biz bu gün bütün dünya rəssamlarının əsərlərindən üstün əsərlər yarada bilərik".

Həmsöhbətimiz daha çox karandaşla işləyir: "Boyaya qarşı allergiyam var. Amma bu yaxınlarda yağlı boya ilə də əsər yaradacam. O dövrdə keyfiyyətli kağızlar yox idi. Amma indi çox keyfiyyətli kağızlar hazırlanır ki, o kağızları normal yerdə saxlasaz, üzərini şüşə ilə örtsəz, uzun illər öz keyfiyyətini itirməz. Kətan üzərində boyanın ömrü uzun olsa da, son illər dünyada karandaşla rəsm daha geniş yayınıb".

Fəzail müəllim bu sahə üzrə təhsil almağı düşünmür, buna ehtiyac duymur: "İnternetdə "Udemy" adlı sayt var. Orada onlayn müəllimlərin kurslarından keçdim. Dedikləri mənim bildiklərimdən fərqlənmir. Ona görə də bu sahədə təhsil almağı düşünmürəm. Rəsm çəkdikcə formalaşır. Mən hər dəfə rəsm çəkdikcə, nəsə öyrənirəm, öz səhvlərimi görürəm. Elə klassik rəssamlarımız da təhsil almayıblar, onlar da çəkə-çəkə, onlardan əvvəlki rəssamların əsərlərinə baxa-baxa öyrəniblər. Mən özüm də universitet vaxtlarında dünya rəssamlarının əsərlərinin fotolarını yaxınlaşdırıb baxırdım. Baxırdım ki, harada karandaşı yüngül edib, harada daha sərt edib. İşıq-kölgələrdə çalışdım ki, dəqiqlik olsun. Bir neçə dəfə cəhd etdikdən sonra alınırdı".

Bu sahədə ona ən çox dəstək olan rəssamın anasıdır: "Atam da həvəskar rəssamdır. Amma məndən fərqli olaraq, o, boya ilə işləyir. Karandaş bir az vaxt aparır, boyadan daha çətindir. Amma atam evimizə dost-tanışları ilə gələndə deyir "mən öyrətmişəm, mənə oxşayıb". Kişilərin bu barədə eqoları yüksək olur. Amma anam bu sahədə mənə daha çox dəstək olur, uğuruma sevinir".

Rəssamın ən böyük əsərlərindən biri də "Far from us", yəni "Bizdən uzaqlarda"dır. Bu əsərdə Azərbaycan yoxdur. O, bunun səbəbini belə izah edib: "Əsərdə Azərbaycan qaranlıq tərəfə düşür və orada görünmür. Gözləyirdim insanlar soruşsun ki, bəs Azərbaycan hanı? Hələ ki, buna diqqət edən yoxdur. Orada raketlər var. ABŞ-ın kosmik gəmi və raket istehsalçısı olan "Space X"ın ən güclü raketi "Falcon Heavy" raketləri 2023-cü ildə Aya səyahəti düşünürlər. Ora incəsənət adamlarını aparacaqlar. Çox istəyərəm mən də gedim. 2033-cü ildə Marsa səyahət planı var. Marsa ilk insan ayaq basacaq. Ora ayaq basan insan "Martian" adlanacaq. Beləliklə, Marsda həyatın başlanğıcını qoyacaqlar. Bunu bizim insanlara deyəndə deyirlər "Allahın işinə qarışmayın". Əslində tanrı özü də istəyər insan inkişaf etsin. Bu fikirlər bizim insanlardan uzaq olduğuna görə, əsərin adını da "Bizlərdən uzaqlarda" adlandırmışam. Demirəm biz inkişafdan geri qalmışıq, bunu qəbul etmirəm. Bununla barışmaq istəmirəm. Daim inkişaf etmək lazımdır, buna can atmaq lazımdır.

"Amerikada belə "Falcon" raketindən bixəbər olan insanlar var. Bir amerikalı müəllimlə onlayn danışanda gördüm ki, o, bu raket, digər elmi yeniliklərdən xəbərsizdi. Düşünməyin ki, Amerikada hər kəs yüksək intellektə sahibdir, bizim xalq geridə qalıb".

Həmsöhbətimiz əsərlərini silsilə şəklində təqdim etməyi düşünür: "Hələ ki, Yer kürəsinin bir üzünü çəkmişəm. O biri tərəfini də çəkəcəm. Orada artıq Azərbaycan da olacaq. Mən rəsmlərimi silsilə şəklində hazırlayıram. Növbəti layihəm Qarabağla bağlıdır. 2030-cu il, artıq Qarabağ işğaldan azad olunub. Ümid edirəm bu, mənim təxəyyülümün məhsulu olaraq qalmayacaq. 2030-cu ildə Qarabağa rahatlıqla gedə biləcəyik".

Mənbə: sputnik.az