Salyan Kukla Teatrının SƏRGÜZƏŞTLƏRİ - 50 ilin kollektivi hara gedir? - FOTO

Salyan Kukla Teatrının SƏRGÜZƏŞTLƏRİ - 50 ilin kollektivi hara gedir? -

Salyana getməkdə bir məqsədim vardı, altı il əvvəl olduğum məkanı bir də görmək. Altı il çox vaxtdır, bu müddət ərzində çox şey dəyişə bilərdi.

Dəyişmişdi də! Amma, gəlin tələsməyək.

Doğrusu yenə eyni mənzərə ilə qarşılaşacağımı düşünürdüm, yenə həmin o səhnə və pərdə arxasından boylanan nağıl obrazlarının müxtəlif tipli xarakterlərində çıxış edən kuklalar.
Amma gümanım məni bu dəfə aldatdı və bu aldanışa sevindim!

Günün ikinci yarsı Salyan Dövlət Kukla Teatrının yaradıcı heyəti üçün nəzərdə tutulmuş girişdən içəri daxil oluram. Hər yerdə “sərin” bir sakitlik hökm sürür. Axı mən saat 12:00 üçün söz vermişdim, "gecikdim getdilərmi?"- deyə məyus oldum. Dayanmadan bələd olduğum zala doğru bir-iki tələsik addım atandan sonra səhnədən gələn səsə bir anlıq durdum. Məşqin davam etdiyinə sevindim. Zala daxil olub tez- tələsik kameranı işə saldım. Günahımı ancaq bu formada yuya bilərdim. Sağdan, soldan, uzaqdan, yaxından kadrları kameranın yaddaşına köçürdükcə rahatladım.

Dərindən nəfəs aldım və bu arada ilk dəyişikliyi gördüm. İlk sırada teatrın direk toru, tamaşanın rejissoru Lalazər xanım əyləşmişdi.

Məşqi pozmaq olmaz, pozmadıq da o, məşqinə, mən də çəkilişimə davam etdim. Demək olar ki, mən işimi yekunlaşdırmışdım. Məşq davam etdiyi üçün varlığımı hiss etdirməməyə çalışaraq bir rejissor kimi məşqə baxmaq qərarına gəldim.

MÖHTƏŞƏM desəm azdır, OLAYIN üstündə bir performans.

Valeh oldum! uşaqların istedadı, Lalazər xanımın peşəkarlığı elə ilk anda adamı heyran edirdi.
Bizim,Media-nın cənub bürosu xəbər verir ki, müsahibimiz Salyan Dövlət Kukla Teatrının direktoru, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, Dağıstan Respublikasının Əməkdar artisti Laləzar Hüseynovadır.

Laləzar xanım deyir ki, ötən mövsüm ili teatr üçün çox məhsuldar keçib.

“Hər mövsüm repertuarda dörd tamaşa olur. Bundan başqa teatr ilk dəfə böyüklər üçün tamaşa hazırlayaraq tamaşaçalıra təqdim edib. Eyni zamanda uşaqlar üçün Abdulla Şaiqin “İntiqamçı xoruz”, Rafiq Rəhimlinin “Meşəyə İnsan gəlir”, Xanımana Əlibəylinin “Dovşanın ad günü” nağıl-tamaşalarını uşaqların ixtiyarına vermişik”.

Doğrusu böyüklər üçün hazırlanmış tamaşa diqqətimi çəkdi. Axı kukla teatrının öz ənənəsi, öz təyinatı var. Kuklaların ifasında uşaqlar üçün tamaşa hazırlanması nəzərdə tutulan kolektiv birdən -birə hansı zərurətdən böyüklər üçün tamaşa hazırlanması missiyasını üzərinə götürüb, belə bir yükün altına girib? Baxmayaraq ki, kollektiv hələ ötən il 4.4 qısametrajlı tamaşalar festivalında “Sülh naminə“ pantomim tamaşası ilə paytaxt teatrsevərlərin qarşısında uğurla çıxış etmiş, 24 teatr kollektivi arasında ilk onluğa daxil olub.

Laləzar xanım deyir ki, “bu təklif əsasən Salyan rayon ziyalılarından gəldi. Onlar bu səhnədə böyüklər üçün nəzərdə tutulmuş tamaşaların da səhnələşdirilməsini arzu etdiklərini bildirdi.

Mən də ilk debütə imza atmaq qərarına gəldim. Doğrusu çox məhsuliyyətli iş olduğunu bilirdim. Uğursuz alınsa tənqid olunacağımızdan bərk narahat idik. Neçə illərdir əsasən müxtəlif heyvanların obrazında çıxış edən yaradıcı kollektivin birdən-birə yeni və fərqli ampulada çıxış etməsi riskli idi, əks təqdirdə heç kim bizim başımıza sığal çəkməyəcəkdi”.

Lakin kollektiv ixtisasca rejissor olan rəhbərlərinin peşəkarlığına, rəhbər də yaxşı tanıdığı kollektivinin əzminə və istedadına güvənərək işə başlayır və İsi Məlikzadənin “Hərənin Öz Ulduzu” pyesi səhnələşdirilir.

Tamaşa çox uğurlu alınır. Bundan ilhamlanan kollektiv Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasına yeni mizan və yeni tərtibatda növbəti bir həyat vəsiqəsi verir.

Uzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası Ümum Milli lider Heydər Əliyevin 100 iliik yübleyinə həsr edilib və “Heydər Əliyev və milli teatr” layihəsi çərçivəsində səhnələşdirilib.

Hazırda kollektiv yeni mövsümün repertuarına salınmış Lev Üstinovun “Xilaskar qurbağa” nağıl tamaşanın məşqləri üzərində çalışmaqdadır. Bundan başqa “Tülkü həccə gedir”, Ələkbər Hüseynovun “Xoşbəxtlər quşu”, Ağaddin Babayevin “Kal oğlanın sərgüzəştləri” əsərlərinə səhnə həyatı veriləcək.

Rejissor deyir ki, uğurlarımız bununla bitmir, qarşıda bizi səfər gözləyir. İsgəndər Coşqunun “ Çal oyna” tamaşası ilə Özbəkistana qastrol səfərinə çıxacağıq. Həm də bu il teatrımızın yaranmasının 50 illik yübleyini qeyd edəcəyik.

Nəhayət ki, reportajin sonuna gəldik, amma vaxtın necə keçdiyini bilmədim yazsam dodaq büzməyin. Mən Salyanda rejissor teartı gördüm!

Qeyd edək ki, kollektiv artıq Özbəkistanda qastrol səfərdədir.










Elşən Feyzullayev, Bizim.Media

Mənbə: bizim.media