Yazıçı, publisist Vahid Qazi xərçəng xəstəliyindən əziyyət çəkir.
V.Qazi xəstəliyi ilə bağlı məlumatı sosial şəbəkə hesabında fərqli tərzdə çatdırıb.
“Bizim uşaqlığımızda iki höcətləşən arasında dava ən çox bu sözdən sonra başlayırdı: “Sən maa heş zad eliyə bilməssən!” Zəif olan özündən güclüyə deyirdi onu. Bax o anda o zəifin gücü yalnız o sözü deyə bilməyə çatırdı. Çox vaxt o söz atəşə nöyüt tökmək effekti verirdi. Hərdən isə əksinə olurdu – o cəsarətli sözdən sonra dava başlamadan bitirdi. Çünki güclü zəifin kimə arxalandığını bilirdi.
Ömür boyu heç vaxt yaşamadığım qarışıq duyğular, fikirlər dolu neçə ayın sonunda mənim də bax elə o sayaq “dava günüm” yetişdi. Davam dövrümüzün çərdəymiş bəlasıyladı. Özündən güclüyə o sözün deyildiyi az qala 50 illik xatirənin məhz bu gün yada düşməsi də boşuna deyil yəqin. İndi o sözü mən deyirəm: “Əsrin bəlası, “sən maa heş zad eliyə bilməssən! Göydə anamın, yerdə doğmaların, yaxınların duaları mənimlədi!”, - o qeyd edib.
Qeyd edək ki, 1968-ci ildə Ağdamda doğulan yazıçı Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvüdür. 2012-ci ildən isə İsveçdə yaşayır.
Mənbə: qafqazinfo.az