“Şuşada mənə yer versələr, orada ev də tikərəm, müəllimlik də edərəm...” - FOTOLAR

“Şuşada mənə yer versələr, orada ev də tikərəm, müəllimlik də edərəm...” - FOTOLAR<span class="qirmizi"></span>

“Şuşada bizim nəslin çox böyük mülkü olub. Mənfur düşmən o mülkü darmadağın edib. Demək olar ki, mülkdən əsər-əlamət qalmayıb. Ermənilər ulu babam Bəhmən Mirzə Qacarın evini də yandırıblar. Şuşada mənə yer versələr orada ev də tikib yaşayaram, müəllimlik peşəmlə də məşğul olaram. Süleyman Ələsgərov yaxşı edirdi, iyunda gedib, sentyabrda qayıdırdı. Allah rəhmət etsin, o Şuşanın bu gününü görmədən dünyadan köçdü. Çox arzulayıram ki, Şuşada Bakı Musiqi Akademiyasının filialını açaq. Yay fəslində orada ustad dərsləri keçək. Ən yaxşı professorları, ustadları akademiyaya dəvət edək. Şuşa beynəlxalq statusa layiqdir. Şuşa ilə bağlı saysız-hesabsız planlarımız var”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli deyib.

“Akademiyamızda gənclər çıxış edirlər, onlara hər bir imkan yaradırıq. İdmançılar dünyada çıxış edib, bayrağımızı qaldırırlar. Həmçinin də musiqilərimiz dünyada uğurlu çıxışlar edirlər. Dünyanın hər bir yerində azərbaycanlı soyadı var. Gənclərə hər zaman dəstəyəm. Mənim atam da, babam da müəllim olublar. Bəşir Səfəroğlu, Nəsibə Zeynalova, Lütfəli Abdullayev və s. sənətkarlar atamın tələbələri olublar. Mən də çox fəxr edirəm ki, tələbəm, xalq artisti Murad Hüseynov Mədəniyyət Nazirliyinin müavini oldu. Digər bir tələbəm Murad Adıgözəlzadə uzun illərdir ki, Dövlət Filarmoniyasınn direktorudur. Bizim tələbələrimiz də çox aktivdirlər. Bütün musiqi festivallarında, müsabiqələrdə uğurla çıxış edib, yer qazanırlar. İş gedir, gedəcək də. Bu da müharibənin bir xəttidir. Mədəniyyət xəttidir. Müharibə qurtarmayıb, heç vaxt da bitməyəcək. Bunu bilməliyik və diqqətli olmalıyıq” deyə sənətkar bildirib.

 

Xalq artisti təəssüfləndiyi məqamlardan da danışıb.

“İfaçılıqla bağlı problemlərim olub. Hər zaman təəssüflənirəm ki, heyif ki, həmin bəstəkarların əsərlərini az ifa etdim. Sözün düzü bir az tənbəl oldum. Hər dəfə buna görə özümü qınayıram. Təqsir məndədir. Heç kim mənə mane olmayıb. 1991-ci ildən Bakı Musiqi Akademiyasına rəhbərlik edirəm. 44 yaşım var idi, bütün dünyanı gəzirdim. Etiraf edirəm ki, rektor kimi fəaliyyətim yaradıcılığıma mane olub” deyə sənətkar bildirib.

 

Sənətkar bildirib ki, gənclər musiqinin bütün janrları ilə məşğul olmalıdırlar.

“Yaddan çıxarmaq olmaz ki, bizim musiqimiz, muğamımız böyük sərvətimizdir. Üzeyir bəyin, Tofiq Quliyevin, Asəf Zeynallının əsərlərini öyrənmək, bilmək lazımdır. Əlbəttə, şou-biznes də lazımdır, şənlənmək də, oynamaq da lazımdır. Sırf şənlənməklə biz inkişafa nail ola bilmərik. Heç nə alınmayacaq” deyə sənətkar bildirib.

Mənbə: moderator.az