Bir müddət öncə zəng vurmuşdum. Dedi kefim yoxdur. Ərdoğan Türkiyə prezidenti seçilsə, müsahibə verəcəm, yoxsa yox. Mən də seçkilərdən sonra görüşünə getdim. Bir başa oynadığı tamaşaya. “Qaraca qız” tamaşasında Piri baba rolunu oynayırdı. Oturdum, tamaşa etdim. Uşaqlıqdan əzbər bildiyim bu qorxulu nağılı yeni ifalarda da izlədim. Hər zaman komik obrazda gördüyüm aktyorun Qaraca qızın ölüm səhnəsindəki oyununa, hönkürtüsünə xoş mənada təəccübləndim.
Lent.az-ın müsahibi Şuşa Dövlət Dram Teatrının aktyoru, Əməkdar artist Teymur Məmmədovdur.
- Hə, Teymur müəllim, Ərdoğan seçildi. Ovqatınız düzəldimi?
- (Gülür). Bəli. Ərdoğanın seçilməsinin Azərbaycana verəcəyi üstünlüklər mənə maraqlıdır. Yeni gələsi adam vədlər verir, onu edəcəm, bunu edəcəm. Amma Ərdoğan artıq edib. Onun ömrünün sonuna qədər prezident olmağa haqqı var. Qarabağ məsələsində onun bizə verdiyi dəstəyi gördük. Bir onu çox istəyirəm, bir də “Qalatasaray” futbol komandasını. “Qalatasaray” UEFA kubokunu alıb türk dünyasını sevindirdi. Biz sevinmək görməmişik. Bir onda sevinmişdim, bir də Şuşa azad olunanda. Allah Prezidentimizə can sağlığı versin, bunları bizə yaşatdı.
- Aktyorun siyasi baxışları olmalıdırmı? Və sualımın davamı olaraq, hər sənətkarın öz pərəstişkarları var. O, fanatlarına öz siyasi baxışlarını təbliğ edə bilərmi? Türkiyədə seçkilər zamanı sənətkarlar iki cəbhəyə ayrıldılar və bir-birlərini təhqir etmək dərəcəsinə çatdılar.
- Mütləq şəkildə siyasi baxışları olmalıdır. Çox ziyalımız, sənətkarımız vaxtında, zamanında cəmiyyətə, sistemə qarşı çıxa bilməyib, vərəmləyib ölüb. 37-ci ildə nə qədər ziyalımız, mütəfəkkirimiz məhv edildi. Aktyor ideologiyadan kənarda deyil. Bizim kütləni arxamızca çəkib aparmaq imkanımız var, bu belə olmalıdır. Seçkiyə qədər Ərdoğana qarşı çıxan sənətçilərin çoxunun qanı qarışıqdır. Türk oğlu türk olan Ərdoğana qarşı türk olmayan, qanında qarışığı olanlar cəbhə açmışdılar.
- Aktyorun tanınması üçün efirə çıxması böyük şərtdir. Siz ulduzu 40 yaşından sonra parlayan sənətkarsınız. 30 il qaçqın teatrda işləmisiniz. Bir igidin ömrüdür. Bu illər ərzində burdan getməyi düşünmüsünüz?
- Əsla. Mən bu teatrı yaradanlardan biriyəm. Başda Yadigar Muradov olmaqla. O yaradıcıların da sayı artıq azalıb. 5-6 nəfər qalmışıq. Xalq artistimiz, Qarabağ qazisi Şükufə Musayeva, rəssamımız Valeh müəllim, əməkdar artistlər Azad, Zahid, geyim sexindən Sahibə bacı.
- Ona qədər harada işləyirdiniz?
- 1982-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin dram və kino aktyoru fakültəsini bitirib uzun illər Şuşa Dövlət Mədəni Maarif Texnikumunda ixtisas müəllimi işləmişdim. Sənət yoldaşlarımla birlikdə çalışıb-vuruşduq, dərnək səviyyəsində olan Şuşa Dövlət Dram Teatrının yaradıcıları olduq.
Biz Şuşada çox xoşbəxt idik. Bakıda deyildik. Amma Şuşa özü mədəniyyət mərkəziydi. Şuşada hər şey etmək, yüksəlmək, parlamaq mümkün idi, amma qoymadılar. Biz Şuşa teatrının açılışı üçün Üzeyir bəyin 100 illiyi münasibətilə “Arşın mal alanı” məşq etdik, amma tamaşanı gəlib Bakıda təhvil verdik. Xalq kimi teatr da qaçqın düşdü. İnşallah, 2025-ci ildə Üzeyir bəyin 140 illiyində biz yenidən eyni tamaşa ilə Şuşada olacağıq.
- Teatrı yaratmaq ideyası necə yarandı?
- Ermənilər artıq ayaqlanmışdılar. Xankəndi teatrı da daha bizim nazirliyə tabe olmaq istəmirdi. Düşündük ki, Şuşada milli, dövlət teatrı yaradaq, nazirlik də razılıq verdi.
- Köçməyə hazırsınız?
- Dərziyə dedilər köç, iynəsini taxdı papağına ki, mən hazıram. 30 il ora qayıtmağın həsrəti ilə yaşamışıq. İstəyirəm gedəm, gündüzlər qolumu çırmayıb tikinti işlərində işləyim, axşamlar da tamaşalar verim. Bu mənim arzum idi, reallaşır. Orda böyük tamaşaçı kontingenti var. Polislər yolçəkənlər tikintidə çalışanlar. Ola bilər elə bu ilin sonunda desinlər ki, qayıdın Şuşaya. Şuşada o qədər gözəl mədəni tədbirlər keçirilir. Bizim teatra da ehtiyac var. O günü həsrətlə gözləyirəm. Şuşa sürətlə tikilir. Ola bilər elə bu payız gedək. Kollektiv hərbi hissə kimidir. Köçün desələr, köçəsiyik.
- Şuşa ilə bağlı ən acı xatirəniz nədir?
- 1991-ci il yanvarın 28-də Ağdamdan Şuşaya gedən mülki vertolyotu vurmuşdular. 50-yə qədər adam yanıb kül olmuşdu. Pilotlardan birinin yaxasından sənədini çıxarmağım yadımdadır. Səfa Axundov idi adı. O iki pilotun ikisi də milli qəhrəman adını aldı. Yadigar müəllimlə mən dərədən, təpədən meyitlərin əzalarını toplayırdıq. Dəhşətli mənzərə idi. O illərdə Şuşada baş verən bütün faciələrin içində biz də var idik. Amma bu ən ağırı idi. Hələ də o yanmış insan qoxusunu hiss edirəm, hələ də öz əlimlə daşıdığım parçalanmış, qanlı insan bədənləri gözümün önündən getmir.
- Aktyorluğu seçdiyiniz üçün peşmanlıq hiss etmisiniz?
- Evi, ailəni dolandırmaq üçün başqa işlərə əl atan sənət adamları var. Bizim teatrda da çox istedadlı aktyorlar səhnənin əziyyətinə düşməyib başqa iş dalınca getdilər. Mən fikirləşməmişəm. Buranı qoyub ancaq Şuşaya gedə bilərdim. O gün də gəlib çatıb. Bizim gəncliyimiz elə bir dönəmə düşdü ki, sözümüzü ancaq səhnədən deyə bilərdik. Özüm seçdim, özü yıxılan da ağlamaz.
- Əlavə işiniz, biznesiniz var?
- Yox. Filmlər, toy məclisləri, filan bir təhər dolandıq. Sadə adamam. Əlində olanlarla qane olan, tez inanan. Göründüyüm kimiyəm, ekranda ayrı, həyatda fərqli biri deyiləm. 26 il yataqxanada 1 otaqlı mənzildə qalmışam ailəmlə. İndi Xocahəsəndə balaca bir ev tikə bilmişəm, o da yarımçıqdı hələ. Aktyor ömrü belədir. Səhnədə milyonçusan həyatda... Qədir Rüstəmov rəhmətlik deyirdi ki, toyda oxuyuram, axırda deyirlər "sağ ol". O “sağol”u aparıb bazarda xərcləmək olmur. Bizdə də elə.
- Amma görkəminizdən vəzifə adamına oxşayırsınız. Üstəlik “Qız atası” filmində o kürəkənə pul, bu qıza ev. Sizi varlı-hallı adam bilənlər çoxdur…
- O qədər. Hamı elə bilir zənginəm, o villa da, maşın da mənimdir. O adamlar ki, bizim kimi ehtiyacı olan sənətkarlara dəstək olmalıdır, məni də zəngin bilir. Bu mənim xeyrimə deyil. Bir köhnə maşınım var. 95-ci ilin “Mercedes”i. Dəyişə də bilmirəm. Nə ilə dəyişim? Qapısı da bağlanmır, hara getdim, qapısını açıq qoyub gedirəm. Bağlayanda qapısını aça bilmirəm çünki. Deyirlər oğurlayacaqlar. Kim oğurlaya bilər? Özüm güclə işə salıb sürürəm (gülür). Soruşanda ki, a kişi, bu nə maşındır, deyirəm o bazar maşınımdı. Bahalısı evdədi. İnanırlar. Elə adamlar bunu kinayə ilə deyir, ona dərdimi desəm də, anlamaz. Özümü sındırmamaq üçün elə deyirəm.
- Vidadi obrazı ilə oxşar hansı cəhətiniz var?
- Mən də onun kimi aiəcanlıyam, uşaqlarım üçün əsirəm. Ümumi Azərbaycan kişilərinə xas xasiyyət. Kişilər küçədə məni görəndə deyirlər ki, a müəllim, bizi işə salmısan, hər gün arvada o qədər pul verəllər? Evdə qırğın gedir. Deyirəm a kişi, təki pulunuz olsun verin.
- Çox tanınmışlar, sənət adamları öyünürlər ki, onlara hansısa imkanlı adam maşın, ev bağışlayıb. Sizə heç maşın, ev təklif edənlər olmayıb?
- Vallah yox. Əliağa Vahidə deyiblər ki, o biri şairlərin hər şeyləri var, onlara bahalı hədiyyələr verirlər, sənin sevənin yoxdurmu? Cavab verib ki, məni istəyənlər də mənim günümdədir.
- Həmkarlarımızın çoxu Prezident mükafatı alıb. Siz necə?
- Yox mükafat almamışam. Xalq artisti adını heç üfüqdə də görmürəm. Hesab edirəm ki, biz Şuşaya dönsək, orda daha çox görünəcəyik. Hamımıza çox yaxşı olacaq. Birinci Qarabağ müharibəsində hamı üzü bəri qaçırdı, ikinci müharibədə qadınlı-kişili hamı üzü Qarabağa tərəf. Biz müharibəyə sevinən tək millətik. Az zamanda çox iş görmüşük. Hamımıza çox yaxşı olacaq. Buna əminəm.
- Uşaqlarınız burda böyüdülər. Sizin dilinizdən Şuşa sözü düşmür. Onlar da sizin kimi Şuşaya can atır?
- Qan, torpaq hamını çəkəcək. Mən müharibə başlayanda oğluma deyirdim, “ay oğul, orda burda vətən, millət deyib, danışıram, deməzlərmi öz oğlun niyə getməyib? Bəs səni niyə çağırmırlar müharibəyə?”. Oğlum cərrahdır. Çağırıldığı gün elə bil bayrama gedirdi. Sevindi ki, gedirəm, sən də əsgərlər qarşısında ürəkli çıxış elə. Mənim də, Yadigar müəllimin də oğlu cəbhədə oldu. Özüm də Fizulidə əsgərlərin yanında çox oldum. Əlimdən gələni etdim. Bunu öyünmək üçün demirəm. Bu qələbədə mənim də iştirakım var deyə sevinirəm.
Mənbə: lent.az