“Səni deyirlər”in ifaçısı uzun fasilədən sonra Bakıya gəlir

“Səni deyirlər”in ifaçısı uzun fasilədən sonra Bakıya gəlir<span class="qirmizi"></span>

“Səni deyirlər” mahnım çıxanda Urmuda mənə xəyanət etdilər, arxadan zərbə vurdular.

Bu sözləri Kult.az-a “Səni deyirlər” mahnısının ifaçısı kimi tanınan güneyli müğənni İbrahim Əlizadə deyib.

O, bir neçə müddətdir səhnədə olmamasının səbəbləri haqqında da danışıb:

“Bu mahnı yayılanda mən neçə illər duz-çörək kəsdiyim insanlarla bir sözləşmə imzaladım. Sözləşmədən 6 ay sonra bildim ki, bu insanlar nə qədər hoqqabaz imiş. Həmin şəxslər sponsorlardan pul alıb, qarşılığında isə heç bir iş görməyiblər. Baxdım ki, belə insanlarla eyni səhnədə ola bilmərəm. Bu, həm özümə, həm də sənətimə xəyanət, mədəniyyətə bir ləkə olardı. Onlarla birgə xarici qastrollara gedib, konsert vermək istəmədim və özümü qurban etdim. Səhnəyə çıxmadım. Oturdum evdə. Sadəcə, oxuduğum mahnıları sosial şəbəkələrdə paylaşırdım”.

Müğənni zamanının böyük hissəsini xeyriyyəçiliyə sərf etdiyini dilə gətirib:

“Daha çox xeyriyyə işlərinə vaxt sərf edirəm. Konsert verirəm, imkansız insanları sevindirməyə çalışıram. Dəvət gözləmirəm, öz təşəbbüsümlə xeyriyyə işlərinə qoşuluram. Özüm ac da qalsam, ehtiyacı olan insanlara yardım etməyə, əl tutmağa çalışıram. Konsert proqramı ilə onlar qarşısında çıxış edirəm. Ya da müğənniləri dəvət edirəm. Toylara getməyə çox vaxtım qalmır. Əsər yazmağı, güclü işləri görməyi fikirləşirəm”.

O, ailəsindən də söz açıb:

“Ailəmlə vaxt keçirməyi sevirəm. Oğlumun 11 yaşı var, adı Atilladır, qızımın isə 13 yaşı var, onun adı isə Atinadır“.

Yaradıcılığına toxunan müğənni onu o taylı-bu taylı Azərbaycanda məşhurlaşdıran mahnısının iki versiyada yenidən yazıldığını bildirib:

“Musiqi sənəti ilə çalışmaq mənə elə zövq verir ki, başqa bir işlə məşğul ola bilmirəm. Həyatımda birinci yerdə musiqi dayanır. Son illər ərzində 18 yeni mahnı yazmışam. Musiqisi və sözləri özümə aiddir. “Səni deyirlər” mahnım da iki versiyada yenidən yazılıb, “Qəmli dəryam mənim” və “Urmu dəryası” albomunda yer alıb”.
Müğənni yaxın günlərə Bakıya gələcəyini deyib:

“Heç bir problem olmasa, 20 gündən sonra Bakıya gələcəm. Belə bir niyyətim var ki, Emil bəylə 3-4 mahnımı aranjiman edək. Həmçinin, 2 klipimi də orada çəkməyi planlaşdırıram”.

O, ən böyük arzularından birini də dilə gətirib:

“Bu tayda konsert verirəm. Amma O tayda ən böyük istəyim Qarabağda konsert verməkdir. Həmçinin, Bakıda və digər şəhərlərdə gözəl bir konsert arzusundayam”.

Mənbə: axar.az