Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova 2020-ci il "Humay" Milli Mükafatının laureatı elan edilib

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova 2020-ci il "Humay" Milli Mükafatının laureatı elan edilib

"İçərişəhər" Muzey Mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əminə Məlikova "Kəlağayı sənəti" və "Şirvanşahlar irsi dünya muzeylərində" adlı kitabların müəllifliyinə görə 2020-ci il "Humay" Milli Mükafatının laureatı elan edilib.

Əminə Məlikovanın müəllifi olduğu və yüksək mükafata layiq görülmüş, "Kəlağayı sənəti" adlı kitab Azərbaycan xalqının zəngin mədəniyyəti, yüksək milli-mənəvi dəyərləri, əsrarəngiz mədəni irsinin təkrarolunmaz tətbiqi sənət nümunələrindən olan və 2014-cü ildən UNESCO-nun Qeyri-Maddi mədəni irsin Reprezentativ siyahısına salınmış kəlağayıdan bəhs edir. Xalqımıza məxsus olan bu dəyərli sənət növünün qorunub saxlanılması və yaşadılması istiqamətində mühüm yer tutan bu kitab kəlağayı sənəti haqqında ingilis və azərbaycan dilində nəşr olunan ilk kitab və dəyərli mənbədir.

Müəllifin mükafata layiq görülən "Şirvanşahlar irsi dünya muzeylərində" adlı kitabında təxminən on əsr mövcud olmuş İslam dünyasının ən uzun ömürlü dövləti, Azərbaycan xalqının həm dövlətçilik, həm mədəniyyət həm də incəsənət tarixində özünəməxsus yeri olan Şirvanşahlar dövləti və onun zəngin mədəni irsindən bəhs olunur. Kitabda əsrlər boyu Şirvanşahlar dövlətinə məxsus olmuş mədəniyyət nümunələrindən və dünyanın dörd bir yanına səpələnmiş maddi irsinin aşkar edilməsi haqqında ətraflı məlumatlar yer almışdır. Kitab Şirvanşahlar dövrünün mədəniyyəti,maddi-mədəni irs nümunələri və Azərbaycana məxsus eksponatların hal-hazırda saxlanıldığı muzeylər haqqında məlumatları əldə etmək üçün vacib mənbə hesab olunur.

Əminə Məlikova adları qeyd olunan kitablardan başqa daha bir neçə kitabın və 23-dən artıq elmi məqalənin müəllifidir.

Qeyd edək ki, 1993-cü ildə "Bakılı" Beynəlxalq Mədəniyyət Cəmiyyəti tərəfindən təsis edilən bu mükafat, əsasən musiqi, kino, teatr, ədəbiyyat, kitab, jurnalistika, televiziya, elm və s. nominisiyalar üzrə təyin olunur. Laureatlar "Humay" Akademiyasının üzvləri tərəfindən müəyyən edilir.

Mənbə: press.az