Qaxın İlisu kəndində yerləşən "Sumuq qala" baxımsız vəziyyətə düşüb.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, İnşa tarixi 17-18-ci əsrlərə aid edilən, yerli əhali arasında "Sumuq qala" və ya "Sumu qala" adı ilə tanınan bu müdafiə qülləsi Qax rayonun İlisu kəndi ərazisində, Kürmük çayının sol sahilində yerləşir.
Qala Dağıstandan İlisuya qədər dağların yamacları və dərələrə uzanan ticarət və hərbi əhəmiyyətli yolun Qaxa burulduğu yerdə tikilib.
Bu qüllə digər tikililərə nisbətən daha əzəmətli və daha möhkəm tikilib.
İlisu Dövlət Tarix Memarlıq Qoruğunun direktoru Azər Qocayev "Report"un yerli bürosuna bildirib ki, plan quruluşuna görə qalanın ölçüləri 6,22 metr və 6,02 metr olmaqla kvadrat şəklindədir: "Qüllənin bayır divarları əhəng məhlulu ilə suvanıb, divarları içəriyə doğru bir qədər maili vəziyyətdə tikilib. Dördkünc formalı qüllənin silueti yuxarı qalxdıqca ensizləşir.Bu qüllənin memarlığına dayanıqlılıq verməklə yanaşı, yuxarıya doğru hərəkət illüziyası da yaradır. Qalanın möhtəşəm görünüşü bəzi rejissorların və aktyorların da marağına səbəb olub. 1981-ci ildə çəkilən Qorxma mən səninləyəm məşhur Azərbaycan filminin əsas epizodları Sumuq qalada lentə alınıb. Həmin film hələ də xalqımız tərəfindən sevərək izlənilir".
Hazırda qalanın daxilində Qax Tarix-Diyarşünaslıq Muzeyinin ictimai əsaslarla "İlisu sultanlığının tarixi"adlı filial muzeyi fəaliyyət göstərir. "Sumuq qala" rayona gələn yerli və xarici turistlər üçün də xüsusi maraq kəsb edir. Qala tarix-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.
Mənbə: report.az