Yanan abidələrimizin fəryadı, yoxsa, Notre-Dame, Aya Sofiya?

Yanan abidələrimizin fəryadı, yoxsa, Notre-Dame, Aya Sofiya?


Yəqin ki unutmamısınız, Fransanın paytaxtı Parisdə 850 illik tarixi olan Notr-Dam kilsəsi 15 saat yandı. (heç mənim vecimə də olmadı). Bütün dünyanın diqqəti cəmləndi ora. Dünyanın diqqəti ora cəmlənə, bizimkilər bu situasiyadan kənarda qala? Əsla! O zaman bizim çox məşhur bir jurnalistimiz paylaşım elədi. Paylaşımında hardasa 12-13 yaşlı qızının televiziyada yanan Notre-Dame baxıb ağladığını sərgiləmişdi. Uşaq acı-acı göz yaşları tökürdü.
Gülünc mövzu: Kəsək oturub daşın gününə ağlayır...

Özünü "patriot" kimi qələmə verən bir azərbaycanlı xanımın belə can-fəşanlığı mənə riyakarlıq kimi göründü. Statusuna ürəyimdən kecən rəyləri yazdım. - Ay xanım, ay jurnalist siz qızınıza əgər belə mükəmməl , dünyəvi tərbiyə vermisinizsə , nə olardı,bir dəfə də ermənilər tərəfindən darmadağın edilmiş, tüstüsü göylərə bülənd olmuş Qarabağı, Qarabağdakı şəhərlərimizi , kəndlərimizi, məscid və minarələrimizi də o balaca balaya təbliğ edəydiniz. Ən azından içərisində donuz-mal-qara saxlanılan məscidin də fotosunu ona göstərəydiniz... O məscidin düz 27 ildi o "missiyada" qalmasına Fransa dövlətinin, Fransa siyasətinin böyük rolu olduğunu bildirəydiniz...
Yersiz-lazımsız "tavrlarınızla" özünüzü fransız xalqının dərdinə şərik olduğunuzumu göstərdiniz, ya azərbaycanlılara "daha üstün, dünyadakı bütün tarixi abidələrin qədrini-qiymətini bilən "intiligent" imici üçün qızınızın televiziyanın qarşısına keçib mütləq ağlamağını tələb elədiniz?
Xanım jurnalist o vaxt mənə cavab olaraq dedi:
-İndi siz nə demək istəyirsiniz, sizcə mən yaltağam? Fransızlara yaltaqlanıram?
Qənaətinə hörmətlə yanaşıb cavab vermədim.
Aya Sofiya dərdimiz...
Bu gün isə sosial şəbəkə izləyiciləri olan azərbaycanlıların yarıdan çoxu Türkiyədə yerləşən inşasına 532-ci ildə başlanan Aya Sofya muzeyinin məscid kimi fəaliyyət göstərəcəyi qanunu müzakirə edir, demək olar ki 85 faiz bu qanunu pisləyir..
Həmin o qanunu pisləyənlərin hamısını bir yerə yığıb soruşmaq istəyirəm:"Ay bacım, ay qardaşım, başına dərd əskikdir ki, durub Türkiyə hökümətinin muzey haqqında verdiyi qanuna qarşı çıxırsan?Gəl öz dərdlərinin dərdini çək də! Hazırda ermənilərin işğalında olan Qarabağ bölgəsi dünyanın ən qədim insan məskənlərindən biri - 2 mln il yaşı olan Azığ düşərgəsi insanlarının yaşadığı ərazidir. Qarabağ ərazisi paleolit dövrünün Quruçay mədəniyyəti yaradıcılarının Tunc və Dəmir dövründə mövcud olan və bir-birini əvəz edən Kür-Araz və Xocalı-Gədəbəy mədəniyyətlərinin davamçılarının yaşayış məskənidir. Notre-Dame-dən və Aya Sofiyadan qədimdi.

Ağlaram ağlar kimi, dərdimiz var dağlar kimi..
Füzuli bölgəsində Şeyx Yaqubun (XII əsr) türbəsi, Qoç Əhmədli Cümə məscidi, Hacı Ələsgər məscidi, Aşağı Veysəlli kəndindəki Mir Əli (XIV əsr) və Əhmədallar kəndindəki türbələr (XIV əsr), Şeyx İbrahim türbəsi (XVII əsr), Əhməd Sultan türbəsi, Cəlal türbəsi (h. t. 1307), Horadiz kəndindəki Cümə məscidi, Dağlıq Qarabağ ərazisində Əsgəran qalası, Cəbrayıl rayonunda “Qız qalası”, Cəbrayılın Şıxlar kəndində türbə (1308) və d. türbələr, Ağdam bölgəsində Xaçın-Dərbənd kəndi yaxınlığında 12 künclü türbə, Ağdam Cümə məscidi (1870), türbələr, Ağdamın Abdal-Gülablı kəndində hamam binası (XX əsrin əvvəlləri), Ağdamın Şahbulaq məscidi, Bərdə şəhərindəki Tərtər çayı üzərində 12 tağlı körpü (XIV əsr), “Bərdə”, “Axsadan baba” türbələri (XIV əsr), Kərbalayi Səfxan Qarabaği tərəfindən Bərdə şəhərində tikilmiş qoşa minarəli “İmamzadə” məscid kompleksi (1868), “Bəhmən Mirzə” türbəsi, Şuşa şəhərində səkkiz bucaqlı türbə, Pənah xan qalası, Natəvanın evi, Mamayı məscidi, Məşədi Şükür Mirsiyab oğlunun məscidli karvansarayı, Culfalar məscidi, Hacı Yusifli məscidi, Saatlı məscidi, Yuxarı Gövhərağa məscidi, Aşağı Gövhərağa məscidi (XIX əsr), Xan evi, gimnaziya binası, Laçın ərazisində Qarasaqqal türbəsi, Soltan baba türbəsi, Şeyx Əhməd türbəsi, Sarı aşığın türbəsi (XV əsr), Cicimli kəndindəki türbələr, Quşçu kəndində “Uşaq qalası”, “Böyük bulaq” abidəsi (XV əsr), Həmzə Sultan sarayı (1761) da tariximiz üçün qiymətli maddi mədəniyyət nümunələridir.
XVIII əsrin II yarısında Qarabağda Bayat, Şahbulaq (Tərnəküt), Pənahabad (Şuşa) qalaları salınmış və həmin qalalarda bazar, karvansaray, məscid, hamam, və s. inşa edilmişdir. Ağdamda imarətlər. Pənah xana və nəslinə aid kümbəzlər tikilmişdir.
Qarabağ xanlığı dövründə bir çox qalalar (Bayat, Şahbulaq, Pənahabad (Şuşa) tikilmiş, şəhər və qəsəbə tipli yaşayış məntəqələri yaranmışdır. Qarabağ xanlığının mərkəzi Şuşada yaşayış evlərinin, ictimai tikililərin interyerlərində divar naxışlarının gözəl və tipik nümunələri yaradılmışdır.
Bu abidələrin çoxu Azərbaycanda memorial tikililərin əsas növünü təşkil edir. Hal-hazırda işğal altında olduğuna görə həmin abidələrin taleyi məlim deyil.
O qədər ağlamalı dərdimiz var ki....
Əntiqə Rəşid

Mənbə: teref.az